Azərbaycanda 2022-ci ilin ikinci rübündə olduğu kimi 2023-ci ilin eyni dövründə də ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (30.7%), ticarət, nəqliyyat vasitələrinin təmiri (14.4%) və tikinti (10.2%) olub.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqlamasında qeyd ediulir.
Daxilolmalarda ötən ilin müvafiq dövrünə nəzərən artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahələri isə mədənçıxarma sənayesi (624.4 mln. manat artım) və nəqliyyat və anbar təsərrüfatı (547.9 mln. manat artım) sahələri olub.
Rüb ərzində iqtisadi fəaliyyət sahələrində artım və azalma dinamikasına və ümumi ödəniş daxilolmalarına dair məlumatlar Şəkil 6-da, həmçinin Əlavələr bölməsində Cədvəl 1-də göstərilmişdir. Bütövlükdə, rüb ərzində maliyyə axınları üzrə ötən ilin eyni dövrünə nəzərən yeddi iqtisadi fəaliyyət sahəsində azalma, digərlərində isə artım qeydə alınmışdır. Ən çox artım nəqliyyat və anbar təsərrüfatı (70%), elektrik enerjisi, qaz və buxar təchizatı (55%) və peşə, elmi və texniki fəaliyyət (38%) sahələrində olmuşdur. Ən çox azalma isə su təchizatı (-19%), digər sahələrdə xidmətlərin göstərilməsi (-16%) və maliyyə və sığorta fəaliyyəti (-15%) sektorlarında müşahidə olunub.
2023-cü ilin ikinci rübündə nəqliyyat və anbar təsərrüfatı iqtisadi fəaliyyət sahəsi üzrə ödəniş daxilolmaları ötən ilin eyni rübünə nəzərən 70% və ya 547.9 mln. manat artaraq 1 329 mln. manat təşkil etmişdir. Bu sahədə artıma töhfə verən əsas qruplar poçt fəaliyyəti (353.5 mln. manat artım), hava nəqliyyatı vasitəsilə sərnişinlərin daşınması (85.5 mln. manat artım) və yük avtomobil nəqliyyatlarının fəaliyyəti (32.5 mln. manat artım) olmuşdur. Sektorda azalma isə boru kəməri nəqliyyatının fəaliyyəti (-49%), saxlama və anbarlara yığma (33%) və dəniz nəqliyyatı vasitəsilə yüklərin daşınması (-27%) qruplarında qeydə alınıb.