Bu yazımızda mövcud qanunvericiliklə 18 yaşınadək şəxslər üçün hansı təminatların nəzərdə tutulduğunu, həmçinin hansı hüquqlarının yarandığını qeyd edəcəyik. Azərbaycan Respublikası vətəndaşları üçün hər yaş dövrünə uyğun olaraq təminatlar nəzərdə tutulmuşdur. Bu təminatlar qismində yetkinlik yaş dövrü kimi 18 yaşa uyğun olaraq həmçinin nikah hüququ formalaşmışdır. Bu yazımızda bəzi hallarda gender fərqinə uyğun olaraq 18 yaşınadək qadınlara dair məsələləri də 18 yaşına çatmış kişilərlə bağlı hissədə qeyd edəcəyik. Göstərilən yaş dövrü üçün mövcud başlıca hüquq və təminatları aşağıdakı kimi təqdim edirik:
– Mülki qanunvericiliyə əsasən 18 yaş ölkə üzrə yetkinlik yaşına çatma yaşı hesab edilir. 7 yaşınadək şəxslər fəaliyyət qabiliyyətsiz, 7-18 yaşınadək şəxslər məhdud fəaliyyət qabiliyyətli şəxslər hesab edilir. Həmçinin, 7-14 yaşınadək şəxslərin xırda məişət əqdləri, 14-18 yaşınadək şəxslərin isə öz gəlirləri üzərində sərəncam vermə ilə bağlı əqdləri bağlamaq hüququ var.
– Əmək qanunvericiliyinə görə 15 yaşına çatmış şəxslər əmək qabiliyyətli hesab edilir və valideynlərin razılığı ilə əməklə məşğul ola bilər. 16 yaşına çatmış şəxs isə dövlət qulluğuna qəbul edilə bilər.
– Əmək qanunvericiliyindən irəli gələrək 15-16 yaşınadək şəxslər həftə ərzində 24, 16-18 yaşınadək şəxslər isə 36 saatdan artıq əmək fəaliyyətinə cəlb edilə bilməz. 15-16 yaşınadək şəxslərə illik 42, 16-18 yaşınadək şəxslərə isə 35 gündən az olmayaraq əmək məzuniyyəti hüququ verilir.
– Əlilliyi olan şəxslərə pensiya təminatı zamanı 15 yaşın tamam olması və hər əmək qabiliyyətli il üçün 4 aylıq əmək stajı tələb edilir.
– 16 yaşına çatmış şəxslərin kooperativ üzvü olmaq hüququ mövcuddur.
– Cinayət qanunvericiliyinə görə 16 yaşına çatmış şəxs cinayət məsuliyyətinə cəlb edilir. 14 yaşına çatmış şəxs isə yalnız bəzi cinayətlərə, xüsusilə də qəsdən yerinə yetirilən cinayətlərə görə məsuliyyətə cəlb edilir. Bununla yanaşı, həmin şəxslərə cəza təyin edilərkən həm yaş həddinə görə yüngülləşdirici hal nəzərə alınır, həm də cəzalara və azadlıqdan məhrumetmə müəssisələrinə münasibətdə daha yüngül mexanizmlər tətbiq edilir ki, həmin şəxslərin islah edilərək yenidən cəmiyyətə qazandırılması mümkün olsun.
– İnzibati xəta törədilərkən 16 yaşı tamam olmuş şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq edilir. Bu tənbeh tədbirləri sırasında şəxsin azadlığını məhdudlaşdıran inzibati həbs tədbiri də mövcuddur ki, həmin tənbeh növü 3 gündən 3 ayadək müəyyən edilə bilir. 18 yaşına çatmamış şəxslərə isə bu tənbeh növü tətbiq edilmir.
– Nəqliyyat vasitələri ilə bağlı qeydiyyat tələblərinə görə bu vasitələr 18 yaşına çatmış, moped və motosikletlər isə 16 yaşına çatmış şəxslərin adına qeydiyyata alınır.
– Sürücülər üçün tələblərə görə velosipedi idarəetmə hüququ 14, mopedi 16, A, B və C kateqoriya nəqliyyat vasitələrini idarəetmə hüququ isə 18 yaşdan əmələ gəlir.
– Şəxsiyyət vəsiqəsi isə 15 yaşadək şəxslər üçün valideynlərin razılığı ilə, 15 yaşdan isə məcburi şəkildə alınmalıdır.
– 18 yaşına çatmış və sağlam şəxslərin konstitusion vəzifəsi kimi vətəni müdafiə etməsi mütləqdir.
– Yetkinlik yaşına çatma yaşı sayılan 18 yaşa çatmış şəxsin nikah hüququ yaranır. Bu hüquq istisna hallarda 1 yaş azaldıla bilər və bu halda qəyyumluq orqanının razılığı lazımdır.
– Ailə qanunvericiliyinə görə 18 yaşınadək uşağı olan valideynlər birgə nikah dövründə və ya nikah pozulduqdan sonra uşaqlarının saxlanmasında iştirak etməli və onların tərbiyəsinə görə cavabdehlik daşımalıdır.
– Deliktlə bağlı mülki qanunvericiliyə görə 14 yaşınadək şəxslərin vurduğu zərərə görə valideynlər, 14-18 yaşınadək şəxslərin zərərlərinə görə isə həmin şəxslərin özləri cavabdehlik daşıyırlar. Bir şərtlə ki, 14-18 yaşınadək şəxslərin zərəri ödəmək imkanı olsun, əks halda valideynlər zərərin onların təqsirindən baş vermədiyini sübuta yetirməsələr, özləri zərəri ödəmək öhdəliyi daşıyacaq.
– Gənclər siyasəti barədə qanunvericiliyə əsasən 14-29 yaşınadək şəxslər və 35 yaşınadək nikaha girmiş şəxslər müvafiq olaraq gənc və gənc ailə statusu əldə edir.
– Dövlət ipotekası şərtlərinə əsasən İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən güzəştli ipoteka gənc ailənin üzvü statuslu müəyyən kateqoriya şəxslərə verilir.
– 18 yaşına çatma ilə bağlı onu da qeyd etmək mümkündür ki, bu yaşa çatmış şəxs aktiv və passiv seçki hüququ əldə edir. Daha dəqiq desək, seçkilərdə səsvermə hüququ ilə yanaşı bələdiyyə üzvlüyünə dair seçilmək hüququna da malikdir.
Müəllif: Şəhriyar Həbilov