Almaniya hökuməti yarımkeçirici istehsalına 20 milyard avroya qədər sərmayə qoymağı planlaşdırır, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir. Bu məbləğə Maqdeburqda “Intel” zavodunun tikintisini dəstəkləmək üçün Almaniya hakimiyyəti tərəfindən artıq ayrılmış 10 milyard avro daxildir.
Mənbələrə görə, Almaniya hökuməti digər yarımkeçirici istehsalçılarına, o cümlədən Tayvanın TSMC və Almaniyanın “Infineon” şirkətlərinə 7 milyard avro ayırmağa hazırlaşır. Bu sahədə daha kiçik layihələrə daha 3 milyard avronun ayrılması gözlənilir.
Almaniya, bir çox digər ölkələr kimi, Asiya istehsalçılarından asılılığı azaltmaq üçün son vaxtlar özünün yarımkeçirici istehsalını inkişaf etdirir. May ayında Almaniyanın “Infineon” şirkəti Drezdendə 5 milyard avro dəyərində yarımkeçiricilər istehsalı zavodu tikmək planlarını açıqlamışdı. Həmin ay məlum oldu ki, TSMC Drezdendəki öz zavoduna 10 milyard avro sərmayə qoymağı düşünür.