May ayında baş verən dolu yağması nəticəsində daha bir təsərrüfata zərər dəyib. Şamaxıda yerləşən böyük üzüm sahəsini dolu vurub. Dolu yetişməkdə olan meyvələrin bir hissəsini məhv edib, eləcə də əkinləri zədələyib. Dolu nəticəsində zərər çəkən üzüm bağı Aqrar Sığorta Fondu tərəfindən sığortalıdır.
Banker.az xəbər verir ki, hadisə barədə Aqrar Sığorta Fonduna məlumat verilib, Fondun mütəxəssisləri və müstəqil aqrar sığorta ekspertləri sahəyə gələrək hadisə ilə bağlı ilkin araşdırma və dəyən zərərin məbləğinin hesablanmasını həyata keçiriblər.
İyul ayında isə Aqrar Sığorta Fondunun mütəxəssisləri və müstəqil aqrar sığorta eksperləri sahəyə gələrək yekun ekspertiza keçiriblər.
Araşdırma prosesinə yerli və Türkiyədən gələn ekspetlər cəlb olunub. Zərərin məbləği dəqiqləşəndən sonra təsərrüfata dəyən zərərin ödənilməsinə başlanılacaq.
Qeyd edək ki, sözügedən təsərrüfat bundan əvvəl də – 2018-ci ildə dolunun təsirinə məruz qalıb və böyük zərərlə üzləşib. Bunu nəzərə alaraq ölkədə aqrar sığortanın tətbiqindən sonra təsərrüfat mütəmadi olaraq sığortalanıb.
Dolu yağması Azərbaycanda əkin sahələrinin ən çox zərər gördüyü risklərdəndir. 2023-cü ilin ilk 6 ayında Aqrar Sığorta Fonduna əkin sahələrinə dəyən zərərlərlə bağlı 7 min müraciət daxil olub. Bundan 1400 müraciət və ya hər 5 müraciətdən 1-i dolu hadisəsi ilə bağlıdır. Ümumilikdə son 3 ayda qeyri-sabit hava şəraiti ilə bağlı Fonda müraciətlərin sayı 1000-i keçib. Həmin təsərrüfatlara dəyən zərər qiymətləndirilir və bu proses başa çatdıqdan sonra kompensasiya ödənişlərinə başlanılacaq.
Xatırladaq ki, hazırda aqrar sığorta 41 bitki üzrə 29 riskdən təminat verir. Bura təbiət hadisələri – fırtına, qasırğa, sel, su basmaları, daşqınlar, eləcə də üçüncü şəxslərin hərəkətləri, bitki xəstəlikləri, zərərvericilər və insan faktorundan asılı olmayan müxtəlif hadisələr aiddir.
Aqrar sığorta güzəştli şərtlərlə təqdim edilir – fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.