Rusiya neft məhsullarının ixracı avtomobil yanacağına güclü daxili tələbat fonunda son 15 ayın minimum səviyyəsinə yaxınlaşıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Məlumata görə, avqustun ilk 20 gün ərzində Rusiya neft məhsullarının daşınmasını 14% azaldıb. Gündəlik neft məhsullarının ixracının həcmi 2.24 milyon barel təşkil edib. “Bloomberg”in vurğuladığı kimi, bu, 2022-ci ilin mayından bəri ən aşağı göstəricidir.
Rusiya neft ixracının təxminən 45%-ni təşkil edən dizel yanacağı və qazoylun tədarükü gündəlik 1 milyon bareldən bir qədər aşağı düşüb. Benzin və qarışdırıcı komponentlərin tədarükü 43% azalaraq gündə 66 min barelə enib.
Nafta ixracı gündəlik 371 min barelə (-22%) düşüb. “Bloomberg” qeyd edir ki, Asiya və Yaxın Şərq ölkələrinin Rusiyadan nafta almaq ehtimalı azalıb. Bütün ixracın demək olar ki, üçdə birini təşkil edən Rusiya mazutunun tədarükü sutkada 624 min barelə qədər azalıb. Bu, həm də 2022-ci ilin martından bəri ən aşağı göstəricidir.
Rusiya avqustda dəniz neft ixracında elan edilmiş azalmanı yerinə yetirib və bu, hazırda sutkada 2.94 milyon barel səviyyəsində qiymətləndirilir. İxrac bu səviyyədən yalnız keçən ilin dekabrında, Aİ və G7-nin Rusiya neftinə qiymət tavanı tətbiq etdiyi zaman aşağı düşüb.