8 C
Baku
Friday, December 13, 2024

Bu xəstəxanada rentgen-müayinə fəaliyyəti dayandırıldı

Daha bir tibb müəssisəsində rentgen-müayinə fəaliyyəti dayandırılıb.

Banker.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir:

“Belə ki, Agentlik tərəfindən M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keçirilmiş planlı yoxlama tədbirləri zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair çoxsaylı faktlar aşkar edilib. Aşkar edilmiş pozuntularla əlaqədar tibb müəssisəsinin vəzifəli şəxsi barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq protokol tərtib edilərək inzibati tənbeh növü tətbiq edilib. Həmçinin, nöqsanların aradan qaldırılması üçün müəssisəyə vaxt verilib.

Bununla belə, müəyyən olunmuş müddət ərzində aşkar edilmiş nöqsanların aradan qaldırılmadığı müəyyən olunub”.

Vurğulanıb ki, qeyd olunanları, o cümlədən radioloji fəaliyyətlə bağlı aşkar edilmiş nöqsanların insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükəni nəzərə alaraq, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında rentgen kabinetlərinin fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, bundan əvvəl Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsi, B78 ünvanında fəaliyyət göstərən “RONDENT” MMC-yə məxsus stomatoloji klinikada ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqədar fəaliyyət zamanı radiasiya təhlükəsizliyinin pozulması hallarının aradan qaldırılmadığı və ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına verilmiş “xüsusi icazə”nin qüvvədə olma müddətinin bitdiyi müəyyən edilib. Görülmüş tədbirlər nəticəsində yuxarıda göstərilən tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb.

Son xəbərlər
Digər xəbərlər