Satınalmalar haqqında bu vaxta qədər mövcud olan qanun əsasında aparılan auditlərin nəticələri göstərir ki, qanunun tətbiqi və dövlət vəsaitlərinin effektiv idarə edilməsi ilə bağlı problemlər var.
Bunu Hesablama Palatası və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Dövlət satınalmaları ilə bağlı yeni qanunvericiliyin tətbiqi” mövzusunda tədbirdə Palatanın sədri Vüqar Gülməmmədov bildirib.
“Qanun gündəlik fəaliyyətə dəstək olmaq üçün qəbul edilir. O, xof üçün deyil, problem üçün deyil, problemin həlli üçündür. Hansısa normativ hüquqi aktın tətbiqində problem varsa, onu həyata keçirmək quruma problem yaradırsa, ona yenidən baxılmalıdır. Yeni qanun əsasında biz Dövlət Xidməti ilə əməkdaşlığı davam etdirəcəyik”, – deyə sədr əlavə edib.
O, həmçinin qeyd edib ki, Palata dövlət satınalmalarının auditi üzrə təlimat üzərində işləyir: “Yeni qanunun tətbiqi ilə bağlı bəzi qanunvecilik aktlarında dəyişiklik olacaq. Bunlar bitdikdən sonra biz təlimatı yekunlaşdıracayıq. Təlimatın məqsədi Palatanın funksiyanal vəzifəsi ilə bağlı işləri həyata keçirməkdir. Yeni qanunla Palatanın əsas funksiyalarından biri satınalmaların effektivliyinin və vaxtında olmasının qiymətləndirilməsidir. Satınalamanın iki əsas böyük mərhələsi var. Birincisi protokollaşdırılmadır, ikincisi isə o protokol əsasında müqavilənin bağlanılmasıdır. Satınalma müqaviləyə uyğun icra edilmədikdə yenidən şərtlər, öhdəliklər irəli sürülür. Bu günə qədər apardığımız nəzarət tədbirlərindəki əsas pozuntular bunlarla bağlı olub”.