11 C
Baku
Monday, November 25, 2024

Etibar Əliyevin 1 ayı – “Texnikabank”da nə dəyişdi?

“Texnikabank”ın İdarə Heyətinin sədri Eldar Cəfərovun musavat.com-a müsahibəsini təqdim edirik. 

– Eldar müəllim, “Texnikabank” rəhbərliyinin dəyişməsindən bir ay ötdü. Etibar Əliyev təxminən 1 ay öncə yenidən bankın rəhbəri postuna qayıtdı. Bu müddətdə bankın həyatında, fəaliyyətində nə kimi müsbət dönüş baş verib? Bankın inkişafı üçün ilk olaraq nədən başlamısız?
– Təşəkkür edirəm. Sualınıza gəldikdə isə ilk növbədə onu deyim ki, bankın fəaliyyəti tam bərpa edilib. Müşahidə Şurasının qərarı ilə Artıq İdarə Heyəti formalaşıb, bankın yaxın müddət üzrə inkişaf strategiyası müəyyənləşdirilib. Həmin strategiyaya uyğun olaraq, bankda rebrendinq aparılıb və köhnə adı – “Texnikabank” özünə qaytarılaraq yeni loqo və sloqan təsdiqlənib. Bankın hesablarına qoyulmuş qadağalar aradan qaldırılıb, fəaliyyətini
dayandırmış filial və şöbələrin işi bərpa edilib. Notariat kontorlarında ləğv olunan qeyri-nağd ödəniş sistemlərinin avadanlıqları yenidən quraşdırılaraq fəaliyyətə başlayıb. Ən önəmlisi, bank, müştəriləri və əmanətçiləri qarşısında öhdəliklərini tam həyata keçirir.
Həmçinin bankın satılmış əmlak və avadanlıqların banka qaytarılması prosesi davam edir. Plastik kartlar üzrə əməliyyatlar tam bərpa edilmiş və bu sahənin inkişaf etdirilməsi üçün ciddi layihələr həyata keçirilir. Artıq MDB, yaxın və uzaq xarici ölkələri əhatə edən sistemlər vasitəsilə surətli pul köçürmələrinə də start vermiş xidmətlər bankın bütün filial və şöbələrində müştərilərə təqdim olunur.
Düşünürəm ki, bir ay ərzində ciddi işlər görülüb və qeyd etdiyim kimi, əsas amil ondan ibarətdir ki, bank öz vəzifə və öhdəliklərini yerinə yetirir və gələcəkdə də bu strategiyaya uyğun olaraq işlər davam etdiriləcək.
– Son vaxtlar əmanətçilərin pulları qaytarılmırdı, kredit verilişi dayandırılmışdı, kredit kartları işləmirdi və s. Ölkənin ən iri və yüksək gəlirlə işləyən bir bankının bu günə salınmasının səbəbləri aşağı-yuxarı aydındır, ictimaiyyət bunun səbəblərini yaxşı bilir. Etibar müəllimin mətbuata verdiyi açıqlamalarda bildirmişdi ki, bank əvvəlki fəaliyyətini və prestijini geri qaytaracaq. Bunun üçün nə qədər zaman lazımdır?
– Dediyim kimi, artıq bankın bütün istiqamətlər üzrə fəaliyyəti bərpa edilib. Ümumiyyətlə, Etibar müəllimin “Texnikabank” rəhbərliyinə qayıtması bankın həyatında bir dönüş olub. Çox qısa müddətdə bank defolt vəziyyətindən çıxarılıb, likvidlik təmin olunub və yenidən ən etibarlı bank imicini formalaşdırır. İpoteka Fondu üzrə “Texnikabank” yenidən Fondun layihələrinə cəlb edilib, dövlət müəssisələri və icra orqanları ilə pozulmuş münasibətlər yenidən bərpa edilib. Keçmiş rəhbərliyin vaxtında bir çox qurumlarla yaranan borcların
bəzisi artıq bağlanıb, bəziləri isə ödənilməkdədir. Bankın özünə kredit borcu olan müştərilər də borclarını qaytarmağa başlayıb. Bu isə onu göstərir ki, aparılan erkən, təxirəsalınmaz tədbirlər nəticəsində bank əvvəlki nüfuzunu qaytara bilib.
Hazırda, “Texnikabank” xidmət səviyyəsinin yüksəldilməsi və çeşidin genişləndirilməsi istiqamətində bütün tədbirləri həyata keçirir, müştərilər yüksək səviyyədə bank xidmətləri ilə təmin olunur. Həmçinin bankın  www.texnikabank.az ünvanında yerləşən internet saytı
yeni formatda işlənib-hazırlanaraq, müştərilərin ixtiyarına veriləcək. Bu sayt vasitəsilə müştərilər bank haqqında bütün bilgilərə yiyələnəcək və rahat bank əməliyyatlarını həyata keçirə biləcəklər.
– 2012-ci ilin martından sonra təkcə bankın əmlakı, banka yerləşdirilən əmanətlər dağıdılmadı, həm də Etibar müəllimin illərdən bəri formalaşdırdığı komanda dağıdıldı. Hazırda “Texnikabank”dakı əvvəlki kadrları cəlb edə bilirsinizmi?
– Doğrudur. Vaxtilə 1000 nəfərdən çox əməkdaşı olduğu halda, hazırda bankda 300 nəfər çalışır. Son üç ildə banka rəhbərlik etmiş şəxslər tərəfindən bankın peşəkar kadrları işdən uzaqlaşdırılıb, hətta elə sahələr var ki, məsələn, proqram təminatı, iflic olmuşdu. Bəzi mütəxəssislər isə özləri həmin rəhbərliklə işləməyin mümkünsüzlüyündən, öz hesablarına
məzuniyyətə çıxmışdılar. Hazırda bankda işin keyfiyyətini yüksəltmək məqsədilə yeni struktur formalaşıb və kadr islahatlarına start verilib. Bankdan uzaqlaşdırılan peşəkar mütəxəssislər yenidən öz işlərinə qaytarılır. Departament və şöbələr gücləndirilmiş iş rejimində yeni struktura uyğun olaraq işləyirlər.
– Beynəlxalq Bankın keçmiş rəhbərliyinin idarəçiliyində buraxılmış nöqsanlar və mənfi proseslər Azərbaycanın bank sektoruna olan inamı, etibarı ciddi şəkildə zədələyib. Artıq insanlar pullarını banklara əmanət etməyə tərəddüd edir. Sizin rəhbəri olduğunuz “Texnikabank” da ölkənin ən iri maliyyə qurumlarındandır. Belə bir vəziyyətdə insanların inamını bərpa etmək üçün nə kimi planınız, konsepsiyanız var? Banka əmanət cəlb etmək istiqamətində çətinliklə üzləşirsizmi?
– Bilirsiniz ki, istənilən bankın uğurla çalışması üçün müştəri etimadı ən vacib faktordur və biz bankın rəhbərliyinə gəldikdən sonra əsas diqqəti məhz bu amilə yönəltmişik. Nəticədə, vaxtilə digər banklara üz tutmuş müştərilər yenidən banka qayıdır, fiziki və hüquqi şəxslər yenidən bizim bankdakı hesablarından əməliyyatları həyata keçirir. Banka müraciət edən insanların sayı gözlədiyimizdən də böyük surətlə artır. Yəni, artıq əhalinin bizə olan inamını bərpa edə bilmişik.
– Devalvasiyadan artıq bir müddət ötüb. Bank sektoru tədricən yeni şəraitə uyğunlaşmaqdadır, lakin eyni zamanda dünyada çox ciddi proseslər gedir və təbii ki, Azərbaycana da təsir edir. Belə olanda, bank hansı addımlar atmalıdı? Özünü və müştəriləri necə sığortalamalıdı? Ümumiyyətlə, iqtisadi inkişafı ölkəmizdə necə görürsünüz?
– Bilirsiniz, cənab Prezident müasir dünyada gedən iqtisadi prosesləri çox gözəl bilir və bu gün ölkəmizdə formalaşmış iqtisadi sabitlik də məhz dövlət başçısının yürütdüyü ölçülüb-biçilmiş siyasətin nəticəsidir. Ona görə, ikinci devalvasiyanın olacağını hesab etmirik. Ölkənin makroiqtisadi göstəriciləri Mərkəzi Bankın tam nəzarətindədir və düşünülmüş kredit siyasəti həyata keçirilir. Hesab edirik ki, ölkədə biznes mühiti fəallaşacaq, bank sektorunda ciddi yeniliklər və inkişaf müşahidə ediləcək.
Son xəbərlər
Digər xəbərlər