6 C
Baku
Sunday, December 15, 2024

Cari ildə 90 bazar subyekti tərəfindən reklam qanunvericiliyi pozulub

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar zamanı cari ilin 11 ayı üzrə 90 bazar subyekti tərəfindən bir sıra mal və ya xidmətlərin reklamı zamanı reklam qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilib.

Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, görülən tədbirlər nəticəsində aşkar edilən pozuntular həmin bazar subyektləri tərəfindən könüllü aradan qaldırılıb və Xidmət tərəfindən onların gələcək fəaliyyətlərində bu cür pozuntulara yol verilməməsi haqqında göstəriş (məktub) verilib.

Dövlət Xidmətindən verilən məlumatda bildirilib ki, əlavə olaraq 5 bazar subyekti barəsində istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunmaqla haqsız rəqabətə yol vermə əlamətləri üzrə iş qaldırılıb.

Qeyd edək ki, “Reklam haqqında” qanunvericiliyin tələblərinə əsasən, haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadəyə yol verilmir.

“Haqsız rəqabət” haqqında qanunvericiliyin tələblərinə əsasən, əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması istehlakçıların çaşdırılması və haqsız rəqabətə səbəb olur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər