ABŞ Prezidenti Co Bayden ABŞ Konqresinin hökumətin maliyyələşdirilməsi ilə bağlı razılığa gəldiyini bildirib. Onun sözlərinə görə, saziş “lazımsız” şatdaunun qarşısını alacaq.
“Konqres liderlərinin əldə etdiyi ikitərəfli maliyyə razılaşması bizi lazımsız şatdaunun qarşısını almağa və mühüm milli maraqları qorumağa bir addım daha yaxınlaşdırır”, – Co Bayden bildirib.
ABŞ hökumətinin 2024-cü il üçün ümumi büdcəsi 886 milyard dollar müdafiə, 704 milyard dollar isə qeyri-müdafiə xərcləri daxil olmaqla 1.590 trilyon dollar təşkil edəcək.
Şatdaun – dövlət qurumlarının maliyyə çatışmazlığı səbəbindən işinin dayandırılmasıdır. Noyabr ayında Co Bayden Konqres tərəfindən 2024-cü il yanvarın 19-na qədər hökumətə müvəqqəti maliyyə ayrılmasını nəzərdə tutan qanun layihəsini imzaladı. Eyni zamanda, qanunda Ukrayna, İsrail və Tayvana yardım nəzərdə tutulmayıb – bu məsələ ayrıca nəzərdən keçirilir. Bu məqsədlər üçün 106 milyard dollar vəsaitin xərclənməsi planlaşdırılır.