Prezident İlham Əliyev “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında sərəncam imzalayıb. Banker..az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, sərəncamla Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC ilə birlikdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsinə dair Azərbaycan Respublikası və İran İslam Respublikası arasında əməkdaşlıq barədə çərçivə sazişinin və Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi və onun maliyyələşdirilməsi haqqında Azərbaycan Respublikası ilə İran İslam Respublikasının müvafiq qurumları arasında müqavilənin layihələrini razılaşdıraraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.
Astara (Azərbaycan Respublikası) dəmir yolu stansiyasından Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədinə qədər dəmir yolu xəttinin, habelə bu Sərəncamın 1-ci hissəsində göstərilən müqaviləyə uyğun olaraq Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi işlərinin layihələndirilməsi və həyata keçirilməsi “Azərbaycan Dəmir Yolları” QSC-yə həvalə edilib.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Sərəncamın 2-ci hissəsində göstərilən dəmir yolu körpüsü ilə əlaqədar gömrük və sərhəd infrastrukturunun yaradılmasını təmin edəcək.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 2-ci və 3-cü hissələrində göstərilən infrastruktur layihələri ilə əlaqədar torpaqların dövlət ehtiyacları üçün alınması məqsədi ilə zəruri tədbirlər görəcək. Bundan başqa bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci, 3-cü hissələrində və 4.1-ci bəndində göstərilən tədbirlərin maliyyələşdirilməsini təmin edəcək.