5 C
Baku
Monday, December 16, 2024

Naxçıvanda içməli və texniki su qıtlığının aradan qaldırılması üçün işlərə başlanılır

Naxçıvanda içməli və texniki su qıtlığının aradan qaldırılması istiqamətində kəşfiyyat-axtarış işlərinə başlanılır.

Bunu jurnalistlərə açıqlamasında “Gulf Drilling Supply FZE” şirkətinin Azərbaycandakı filialının prezidenti Şaiq Bəkirov söyləyib.

Onun sözlərinə görə, bu gün Naxçıvan Muxtar Respublikası “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə şirkət arasında əldə edilən razılığa əsasən, Naxçıvanda içməli və texniki su qıtlığının aradan qaldırılması istiqamətində kəşfiyyat-axtarış işlərinə başlanılır: “Bu prosesin müddəti 60 gündür. Bütün işləri təmənnasız olaraq həyata keçiriləcək. İlkin olaraq bölgənin su ehtiyyatları hesablanacaq, daha sonra hidrogeoloji rejimin tapılması, hidrogeoloji modelin qurulması üçün tədqiqat işləri aparılacaq”.

O bildirib ki, iki ay müddəti ancaq kəşfiyyat-tədqiqat prosesinə həsr olunacaq: “Məhz bundan sonra biz nə qədər sayda quyunun qazılacağını, Naxçıvanın tələbatını hansı həcmdə su ilə ödəyəcəyimizi, daha hansı istiqamətdə bu işləri davam etdirməyin faydası olacağını müəyyən edəcəyik”.

Ş.Bəkirov həmçinin əlavə edib ki, kəşfiyyat-tədqiqat işlərindən sonra isə əməliyyatlar başlayacaq: “İkinci mərhələdə görüləcək işlər şəbəkədə yerləşən quyuların qazılması və müəyyən boru xətləri ilə suyun lazım olan bölgələrə çatdırılmasından ibarətdir ki, bu da layihənin tamamlanması deməkdir. İnanırıq ki, bütün işləri keyfiyyətlə, vaxtında həyata keçirməyə müvəffəq olacağıq”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər