2022-ci il iyulun 19-dan bu günədək Laçın və Füzuli şəhərlərinə, Zəngilan rayonunun Ağalı, Ağdərə rayonunun Talış, Laçın rayonunun Zabux kəndlərinə ümumilikdə 1 727 keçmiş məcburi köçkün ailəsinin (6 754 nəfər) qayıdışı baş tutmuşdur.
Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev AZƏRTAC-dakı məqaləsində bildirib.
S.Nuriyev qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə hazırda böyükmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, insanlar doğma yurd-yuvalarına dönürlər: “Azərbaycan dövlətinin heç bir kənar yardım olmadan, öz gücünə gördüyü işlərin miqyası həqiqətən də heyrət doğurmaya bilməz. Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına şəxsən nəzarət edir, dövlətimizin başçısının tapşırıqları və dəyərli tövsiyələri işlərin tam və məsuliyyətlə icrasına etibarlı zəmin yaradır. 2020-2023-cü illərdə cənab Prezident işğaldan azad edilmiş ərazilərdə 400-ə yaxın tədbirdə iştirak etmiş, o cümlədən 8 şəhər, 32 kənd və qəsəbə olmaqla, 120 layihənin təməlini qoymuş, müxtəlif təyinatlı 71 tikinti obyektinin açılışını etmişdir”.
Yaşayış məntəqələrinin salınması ilə yanaşı, bölgədə geniş bərpa-quruculuq işləri aparılır: “Orta ümumtəhsil məktəbləri, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, mədəniyyət və turizm obyektləri kimi sosial təyinatlı obyektlərin bərpası və yenidən qurulması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. İnfrastruktur layihələri sırasında Füzuli və Zəngilan şəhərlərində beynəlxalq hava limanları istismara verilmiş, Laçın rayonunda hava limanının tikintisi davam etdirilir. Həmçinin avtomobil yolları, tunellər, körpülər, dəmir yolları, magistral qaz xətləri tikilir, su elektrik stansiyaları və yarımstansiyalar, su anbarları inşa edilir”.