6 C
Baku
Sunday, December 15, 2024

Ötən il Naxçıvanın büdcəsi nəzərdən tutulandan 100 milyon manat az icra edilib

Ötən il Naxçıvan Muxtar Respublikası büdcəsinin nəzərdə tutulan xərcləri 605 milyon 13 min manat plana qarşı 504 milyon 316 min 34 manat icra edilib

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib.

Komitənin sədri İsa İsayev gündəlikdə duran məsələnin “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsi olduğunu diqqətə çatdırıb.

Gündəlik təsdiq olunduqdan sonra komitə sədri bildirib ki, hər il olduğu kimi bu il də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin hazırladığı 2023-cü il üçün Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərc maddələri üzrə 2023-cü il büdcəsinin faktiki icrası ilə bağlı illik hesabatı və müvafiq qanun layihəsi Muxtar Respublikanın Nazirlər Kabineti tərəfindən Ali Məclisə təqdim edilib.

Layihəyə görə 2023-cü ildə büdcənin gəlirləri, ümumilikdə, 152 milyon 222 min manat proqnoza qarşı 184 milyon 385 min 484 manat icra olunmaqla, proqnoza 121,1 % əməl olunub. Yığılan vəsaitin 164 milyon 718 min 100 manatı vergi orqanlarının xətti ilə, 11 milyon 901 min 609 manatı gömrük daxilolmaları şəklində, 5 milyon 420 min 56 manatı xüsusi vəsaitlər (büdcədənkənar) üzrə daxilolmalar və 2 milyon 345 min 719 manatı digər mənbələrdən (cərimələr) daxilolmalar hesabına toplanıb.

2023-cü ildə Naxçıvan Muxtar Respublikasında büdcə xərclərinin səmərəliliyinin və büdcə daxilolmalarının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Ötən ildə Naxçıvan Muxtar Respublikası büdcəsinin nəzərdə tutulan xərcləri 605 milyon 13 min manat plana qarşı 504 milyon 316 min 34 manat icra olunmaqla 16,6 % və ya 100 milyon 696 min 965 manat az icra edilib.

Ümumilikdə isə 2023-cü il büdcəsinin faktiki icrası ilə bağlı qanun layihəsi və illik hesabat onu deməyə əsas verir ki, Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi səmərəli və müsbət dinamikalı olub.

Naxçıvanın maliyyə nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Həsən İsmayılov qanun layihəsi barədə məlumat verib.

Məsələ ətrafında aparılan müzakirələrdə komitənin sədri İsa İsayev, sədr müavini Esmira Həsənova, üzvləri Hüseyn Bağırsoylu, Sevda Quluyeva və Ehtibar İsmayılov Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrasının gəlirlər üzrə artmasının, eyni zamanda xərclər üzrə qənaətin səbəbləri ilə bağlı suallar səsləndiriblər.

Ali Məclis Aparatının İqtisadi məsələlər şöbəsinin müdiri Nihad Möhbalıyev Nazirlər Kabineti tərəfindən müzakirə üçün Ali Məclisə təqdim olunan “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsini müsbət qiymətləndirib. Həmçinin muxtar respublikanın 2023-cü il büdcəsinin icrasının, ümumilikdə, səmərəli olduğunu qeyd edib.

Maliyyə nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Həsən İsmayılov və Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin əməkdaşı İsmayıl Bağırov səsləndirilən suallara aydınlıq gətiriblər. Büdcə xərclərində yaranmış qənaətin səbəbini əməyin ödənişi, malların (iş və xidmətlərin) satın alınması, subsidiyaların ödənilməsi, sosial ödənişlər və qeyri-maliyyə aktivləri üzrə olduğu diqqətə çatdırılıb.

Sonda gündəlikdə duran məsələ ilə əlaqədar İqtisadi siyasət komitəsinin rəyi oxunduqdan sonra “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi Ali Məclisin müzakirəsinə tövsiyə olunub.

Mənbəreport
Son xəbərlər
Digər xəbərlər