14 C
Baku
Saturday, November 23, 2024

Samur çayı üzərindəki körpünün istismarı 12 il müddətində həyata keçiriləcək

Azərbaycan və Rusiya sərhədindəki Samur çayı üzərindən keçən avtomobil körpüsünün istismarını tərəflər öz qanunvericiliyinə uyğun olaraq 12 il müddətində növbəli şəkildə həyata keçiriləcəklər.

Bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu gün keçirilən Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) -“Yaraq–Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş”in müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, istismar dedikdə nəqliyyat vasitələrinin sayı, sərnişin və piyadaların fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə avtomobil körpüsünün təmiri və saxlanması üzrə tədbirlər kompleksi nəzərdə tutulur: “Avtomobil körpüsünün istismarı ilə bağlı bütün xərcləri tərəflər bərabər paylarla ödəyəcəklər. Eyni zamanda, avtomobil körpüsünün istismarı Samur çayının su axınını dəyişdirməməli, onun məcrasında sabit zolaqda, Azərbaycan-Rusiya dövlət sərhədi xəttində dəyişiklik etmədən, həmçinin ekoloji və digər təhlükəsizliyə ziyan vurmamalıdır”.

Qeyd edək ki, bu saziş 2024-cü ilin martın 5-də Bakı şəhərində imzalanıb.

Son xəbərlər
Digər xəbərlər