7 C
Baku
Sunday, December 15, 2024

Natamam avto sığorta və onun sonrakı “başağrıları”

(Sığortaya yeni başlayanlar və tələbələr üçün sadələşdirilmiş təlim materialı)

Bu yazıda aşağıdakılar əhatə olunur:

  1. Natamam (qismən) sığortanın iqtisadi mahiyyəti və xüsusiyyətləri. 
  2. Natamam avto sığortada sığorta ödənişinin hesablanması qaydası;
  3. Riskin qiymətləndirilmsində nəzərə alınan əsas kriteriyalar
  4. Avto sığorta müqaviləsinin natamam şərtlərlə bağlanmasının mənfi cəhətləri, yaxud “sonrakı peşmançılıq fayda verməz”.
  • Natamam sığortanın iqtisadi mahiyyəti və xüsusiyyətləri

Əmlak sığortasında (müxtəlif əmlaka aid bütün sığorta növlərində) natamamlıq prinsipinin tətbiq edilməsi sığortaçılar üçün heç də yeni bir hadisə deyildir. Lakin natamamlıq dedikdə, biz bunu geniş mənada qəbul etməliyik. Məsələn, avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası bir anlamda həm də natamam sığorta kimi götürülür, çünki burada digər istiqamətlər üzrə risklərə görə heç bir təminat nəzərdə tutulmur və yalnız 3-cü şəxs(lər)ə dəyən zərərə görə təminat verilir. Eləcə də, təminat verilən konkret risklərin siyahısının məhdud olması, yaxud istisnaların geniş tətbiqi də sığortada natamamlıq yaradan hallar hesab olunur. Bugünkü söhbətimizdə biz natamam (qismən) sığortanın həm də qanunvericiliklə təsbit olunmuş mahiyyətini açıqlamaqla, bunu natamam avtomobil sığortası üzərindən etməyə çalışacağıq. Beləliklə, natamam avtosığorta elə sığortaya deyilir ki, burada müqavilə ilə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən, yəni avtomobilin faktiki bazar dəyərindən aşağı olur. Fərq etməz, həmin məbləğ sığorta dəyərinin 40, 65, 90 və s. faizini təşkil etsə də belə, onun adı natamam və ya qismən sığortadır. Başqa sözlə, burada avtomobil tam dəyərində sığortalanmır.  Məsələn, fərz edək ki, avtomobilinizin cari bazar dəyəri 70 000 manat olmasına baxmayaraq, siz ona 42 000 manat təminat alırsınız. Deməli, siz avtomobilinizi onun cari bazar dəyərinin 60 faizi həcmində sığortalamısınız. Bu halda mütənasib sığorta prinsipi tətbiq edilir. Yadda saxlamaq lazımdır ki, müştərinin avtomobili ilə bağlı sığorta müqaviləsi natamam xarakter daşıyırsa, gələcəkdə zərərin əvəzi də sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində azaldılacaqdır. Lakin bu zaman natamamlıq barədə müddəa mütləq sığorta müqaviləsində əks etdirilmiş olmalıdır. 

Hər hansı avtomobillə bağlı tam sığorta müqaviləsinin bağlanması isə həmin avtomobilə görə cari bazar dəyərinə uyğun sığorta təminatı verilməsini nəzərdə tutur. Əslində bu, sığortalı tərəfindən edilən idial bir seçim olardı. Lakin o da məlumdur ki, bəzən sığortalılar natamam sığortanın mənfiliklərini bildikləri halda maliyyə imkanının zəif olması səbəbindən, daha az sığorta haqqı ödəmək üçün bu cür seçim edirlər. 

  • Natamam avto sığortada sığorta ödənişinin hesablanması qaydası

Öz avtomobilini natamam qaydada sığortalamış sığortalı sığorta hadisəsi baş verdikdə zərər və itkilərə məruz qalarsa, sığortaçı tərəfindən veriləcək ödəniş məbləği də yuxarıda qeyd etdiyimiz qaydada azaldılacaqdır. Bu zaman ödəniləcək natamam məbləği müəyyən etmək üçün sığortaçı tərəfindən müvafiq düstur tətbiq edilir.

Düstur:

SÖ = FZM x SM/SD

Burada,

SÖ – sığorta ödənişi

FZM – faktiki zərər məbləği

SM – müqavilə üzrə razılaşdırılmış sığorta məbləği

SD – sığorta obyektinin sığorta (bazar) dəyəri

Nümunə 1:  Fərz edək ki, sığorta predmeti olan avtomobilin faktiki bazar dəyəri 120 000 manat, sığorta müqaviləsi üzrə sığorta məbləği isə 66 000 manat, başqa sözlə, indiki halda sığorta dəyərinin 55 faizini təşkil etmişdir. Sığorta hadisəsi nəticəsində həmin avtomobillə bağlı sığortalının məruz qalmış olduğu zərər 66 000 manat və razılaşdırılmış şərtli azadolma məbləği 1500 manat olarsa, sığortaçı tərəfindən ödənilməli olan məbləğ neçə manat olmalıdır?  Gəlin, yuxarıdakı düstur əsasında sığortaçı tərəfindən ödənilməli olan məbləği hesablayaq: 

SÖ = 66 000 x 66 000 : 120 000

SÖ = 36 300 

Bu nümunədə zərər məbləği şərtli azadolma məbləğindən yuxarı olduğuna görə tam ödənilir.                                                                                                                                                 

Nümunə 2:

Fərz edək ki, sığorta predmeti olan avtomobilin bazar dəyəri 200 000 manat, sığorta müqaviləsi üzrə sığorta məbləği 100 000 manat, sığorta hadisəsi nəticəsində sığortalıya dəyən faktiki zərər isə 50 000 manat məbləğində olmuşdur (Burada asan anlaşılması üçün yuvarlaq rəqəmlər seçilmişdir). Həmin sığorta müqaviləsi üzrə razılaşdırılmış şərtsiz azadolma məbləği 1000 manat olarsa, sığortaçı nə qədər sığorta ödənişi verməlidir?                                                          

Hesablayaq:

SÖ = 50 000 x 100 000 : 200 000

SÖ = 25 000 – 1000 (şərtsiz azadolma)

SÖ = 24 000 manat

Beləliklə, sığortaçı sığorta hadisəsi nəticəsində dəyən zərərə görə avtomobil sahibi olan sığortalıya 24 000 manat sığorta ödənişi həyata keçirəcəkdir.

  • Riskin qiymətləndirilmsində nəzərə alınan əsas kriteriyalar

Qanunvericilikdə sığorta tariflərinin hesablanmasının konkret qaydaları nəzərdə tutulmamışdır. Lakin müvafiq sığorta ədəbiyyatında və dərsliklərdə sığorta tariflərinin müəyyən edilməsinin əsas prinsipləri verilmişdir. Sığortaçılar həmin prinsiplərdən çıxış edərək, hər bir avtomobil üçün sığortanın qiymətini fərdi əsasda müəyyən edirlər.  Sığortanın qiymətini hesablayarkən, bir qayda olaraq, aşağıdakı kriteriyalar əsas götürülür:

Sürücnün yaşı: Tarif müəyyənetmədə sürücünün yaşının nəzərə alınması şəksizdir. Bu kriteriyanı anlamaq üçün belə bir obrazlı müqayisə aparaq. Məşhur  müəlliflər insanların həyatını “poeziya” (18-30 yaş), “keçid” (30-40 yaş) və “fəlsəfə” dövrü (40-45 yaşdan yuxarı) olmaq etibarı ilə üç hissəyə bölürlər. Təbiidir ki, “poeziya” dövrünün sürücüləri yüksək emosionallıqları ilə fərqləndiklərindən, onların iştirakı ilə yol qəzalarının da sayı çox olur. Siz istənilən sığortaçının bu sahədə statistikası ilə tanış olsanız, bunun şahidi olacaqsınız.

Sürücülük stajı. Böyük sürücülük təcrübəsi ilə sığorta şəhadətnaməsi ucuz başa gəlir. Tam əksinə, əgər sürücülük vəsiqəsi lap yaxınlarda alınmış olduqda, həmin sürücü üçün sığortanın qiyməti ikiqat arta bilər. 

Qəzasız sürücülük təcrübəsi.  Sığortaçı sürücünün bəlli müddət ərzində nə qədər qəza keçirdiyini və ona hansı məbləğdə ödəniş edildiyini dəqiqləşdirir. Bu yoxlamadan uğurla çıxan sürücülər üçün risk ehtimalının aşağı olması, nəticə etibarı ilə sığorta polisinin də ucuz olmasını şərtləndirir. Bu halda sığortaçı öz daxili motivasiya proqramına əsasən həmin intizamlı sürücülərə sığorta haqqından güzəşt və ya endirimlər də tətbiq edə bilərlər

Avtomobilin markası, modeli və istehsal ili. Avtomobilin və onun ehtiyat hissələrinin qiyməti vaxtaşırı dəyişir. Buna görə də sığortaçı avtomobilin konkret marka və modelinin təmiri xərclərini öncədən nəzərdən keçirir. Məsələn, ön şüşənin qiyməti müxtəlif markalı avtomobillərdə fərqli qiymətlərə təklif edilir.

Avtomobilin təyinatı. Avtomobilin dəmir qırıntıları, tikinti materialları daşıması, yaxud onun sərnişindaşıma məqsədləri üçün istifadəsi, istehsalatda istismarı, yaxud sadəcə xidməti avtomobil kimi istifadəsi fərqli risk ehtimalları yaradır.

İstifadə məkanı. Avtomobilin yolları bərbad ucqar dağ rayonlarında, yaxud təmirli mərkəzi şəhərlərdə istifadəsi eyni qiymətlə sığortalana bilməz. (Hərçənd ki, böyük şəhərlərdə avtomobillərin istismarında digər fərqli çətinliklər vardır).

Təminatın şərtləri. Sığorta müqaviləsinin hansı şərtlərlə razılaşdırılması, o cümlədən azadolmanın həcmi, köhnəlmənin nəzərə alınması, təminatın qüvvədə olduğu müddət və ərazi və s. tarifin səviyyəsinə təsir göstərir. Lakin nəzərə almaq lazımdır ki, nəticə etibarı ilə qiymətqoymada istifadə olunun konkret parametrlər hər bir sığortaçının özünün həyata keçirdiyi anderraytinq və tarif siyasətindən asılı olaraq müəyyən edilir. 

  1. Avto sığorta müqaviləsinin natamam şərtlərlə bağlanmasının mənfi cəhətləri, yaxud “sonrakı peşmançılıq fayda verməz”.

Avto sığorta müqaviləsinin natamam şərtlərlə bağlanması əksər hallarda  sığortalının sonradan peşman olmasına səbəb olur. Əvvəla, təəssüf hissi ilə qeyd etməliyik ki, cəmiyyətimizdə sığorta mədəniyyəti arzu olunan səviyyədə deyildir. Müqavilə sayının və yığımın dinamik artımı ilə nə qədər öyünsək də,  bu, belədir. Satıcılar müqavilə bağlanan anda onun mahiyyətini tam olaraq sığortalılara izah etmədikləri kimi, sığortalılar da az sığorta haqqı ödəmək “fürsətindən” yararlanmaq üçün heç bu cür izahata “ehtiyac” da duymurlar. Lakin bu cür minimum (yarımçıq) təminat sövdələşməsinə “hə” deyən sığortalı  avtomobili ilə bağlı böyük riski öz üzərində saxlamış olur. Bu isə gələcəkdə onun çətin vəziyyətlə üzləşməsinə səbəb ola bilər. 

Bundan başqa, sığorta hadisəsi baş verdikdə, tam ödəniş ala bilməyən sığortalı haqsız iddialar qaldırmaqla müvafiq sığortaçının bazar reputasiyasına mənfi təsir göstərir və ona ağır mənəvi zərbə vurur. Belə ki, “narazı” sığortalı öz çevrəsində olan bütün həmkarlarına iş gördüyü sığortaçının “saxtakarlığından”, “fırıldaqçılığından” danışmaqdan yorulmur və potensial sığortalıların sığortaçı haqqında düşüncələrinə “düzəliş” edə bilir. (İqtisadiyyatla bağlı ədəbiyyatlarda qeyd olunur ki, bir narazı müştəri öz narazılığını 22-25 adamla paylaşmasa, ürəyi sakitləşmir. Lakin məmnun müştəri öz “xoşbəxtliyini” 3-5 adamla paylaşmaqla kifayətlənir). Burada söhbət sığortaçı tərəfindən uzun illər ərzində damla-damla toplanmış və onun üçün həyati vacib olan inamın/güvənin ani itirilməsindən gedir. Köhnə bir holland deyiminə görə, ‘güvən piyada gəlir, at belində gedir’ (Trust comes on foot, but leaves on horseback). Bazarda müştəri inamının qazanılmasının nə qədər çox vaxt tələb etdiyini, həmin inam itirildikdə isə, onun bərpa edilməsinin necə çətin olduğunu həqiqi sığortaçılara izah etməyə ehtiyac yoxdur.

Bütün yuxarıdakıları nəzərə alsaq, aşağıdakı qənaət hasil olar: Öz avtomobilini sığortalayan hər kəs, hələ müqavilə bağlanarkən çox diqqətli olmalı, bütün detalları dəqiqləşdirməli və mükəmməl bir sənədə imza atmalıdır. Məhz belə olduqda, yuxarıda qeyd etdiyimiz sonrakı “başağrıları”ndan da qurtulmaq mümkün olardı. 

P.S. Özəl sığortaçılığın 30 ili sığortada bazarlaşma mədəniyyətinin yüksəlməsinə gətirib çıxarmamışdırsa, bu, çox təəssüf doğurur və həm də ona işarədir ki, sığorta menecmenti, marketinqi və bir də kütləvi maarifləndirmə işlərində problemlər qalmaqdadır.   

Son xəbərlər
Digər xəbərlər