Macarıstanın ən böyük enerji şirkəti olan MOL Azərbaycanın “Şahdəniz” təbii qaz yatağının işlənməsi layihəsində pay alacaq.
Bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə keçirdiyi mətbuat konfransında deyib.
“Bu, Macarıstan üçün çox mühüm sazişdir. Biz özümüz qazın bir hissəsinin sahibi olacağıq və bu, bizim enerji təhlükəsizliyimizi təmin edəcək. Biz bu fürsətə görə Azərbaycan hökumətinə təşəkkür edirik”, – o vurğulayıb.
Xatırladaq ki, “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. “Şahdəniz” üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə “Şahdəniz” yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilə qədər uzadılıb.
“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29.99%), “Lukoil” (19.99%), TPAO (19%), NİKO (10%), “Cənub Qaz Dəhlizi” (21.02%).