“Neft Daşları” yatağı istifadəyə veriləndən 01.05.2024-ə gədər buradan 180.2 mln. ton neft hasil olunub.
Bu məlumat Bakı Enerji Həftəsi çərçivəsində “Caspian Oil&Gaz” neft-qaz sərgisində SOCAR tərəfindən təqdim olunub.
Məlumata görə, hesabat dövründə “Neft daşları”da 14.1 mlrd. kubmetr qaz hasil olunub.
“SOCAR-ın illik neft-qaz hasilatının 70%-i sahilə “Neft Daşları”ndan ötürülür”, – məlumatda qeyd olunur.
İnzibati cəhətdən Pirallahı rayonunun tərkibinə daxil olan “Neft Daşları” yatağı Bakı şəhərindən 110 km şərqdə, Pirallahı adasından 50 km cənub-şərqdə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir. “Neft Daşları” ərazisində təbii qrifonlar olduğuna görə dənizin səthinə çıxmış daşlar qara rəngə boyanıb, buna görə də əvvəllər bura “Qara Daşlar” adlanıb.
1948-ci ilin dekabrında ilk tikinti dəstəsi “Transportnik” (Nəqliyyatçı) kateri ilə Pirallahı adasından “Qara Daşlar”a göndərilir, burada qazma briqadası üçün 14 m²-lik yaşayış yeri hazırlanır və qazma buruğunun tikintisi həyata keçirilir. 1949-cu ilin iyununda birinci kəşfiyyat quyusunun qazılması məqsədilə ömrünü başa vurmuş “Çvanov” gəmisi gətirilir və tələb olunan nöqtədə batırılır. Noyabrın 7-də quyuda neft fontan (gündəlik 100 ton hasilatla) vurur və bununla da, dünya tarixində açıq dənizdə neftçıxarmanın əsası qoyulur.