14 C
Baku
Saturday, November 23, 2024

Nədir “Yaşıl keçid”?

Anlayış barədə

Yaşıl keçid – bərpa olunmayan resurslarla dəstəklənən ənənəvi iqtisadiyyatdan dayanıqlı, aşağı karbon yüklü iqtisadiyyata çevrilmə prosesidir. Bu proses özündə yaxın və orta müddətdə atılacaq addımları, strategiyaları və dəyişiklikləri əhatə edir.
Bununla, uzun müddətdə iqtisadiyyatı, cəmiyyəti və infrastrukturu aşağı karbonlu olan, resurslardan effektiv istifadə edən və sosial cəhətdən inklüziv xüsusiyyətlərə söykənən dayanıqlı iqtisadi modelə nail olunması hədəflənir.
Daha da yığcam ifadə etsək – yaşıl iqtisadiyyat bir məqsəddirsə, yaşıl keçid vasitədir.

Keçidə nail olmaq üçün istiqamətlər və strategiyalar

İqtisadi istiqamət
Strategiyalar:
Dövlət təşviqinin formalaşdırılması:  Bərpa olunan enerji layihələri, effektiv və dayanıqlı enerji texnologiyaları üzrə layihələrə vergi güzəştlərini tətbiq etmək, qrantlar ayırmaq və subsidiyalar vermək.
İqtisadi fəal əhalinin inkişaf etdirilməsi:  Yaşıl iqtisadiyyatda yeni yaranan işlər üçün zəruri olan bacarıqlara yiyələnməni təmin etmək məqsədilə təhsil və təlim proqramlarına investisiyalar etmək.
İşlərarası keçid proqramlarının təşkil edilməsi: İş yerlərinin transformasiyası nəticəsində işlərini itirənlərə təlimlərin keçirilməsini və iş yerlərinə yerləşdirilmələri təşkil etmək və bu periodda onlara maliyyə dəstəyini təmin etmək.

Qanunverici istiqamət
Strategiyalar:
Uzunmüddətli siyasi iradənin göstərilməsi: Yaşıl investisiyalar sahəsində stabilliyi və əminliyi təmin etmək üçün uzunmüddətli siyasət qərarlarını və çərçivələrini müəyyən etmək və tətbiq etmək.
Tənzimləyici dəstəyin təmin edilməsi: Bərpa olunan enerji layihələrini, effektiv enerji standartlarını və ətraf mühitin çirkləndirilməsinə dair nəzarəti dəstəkləyən tənzimləyici qaydaları davamlı olaraq icrasını təmin etmək.
Karbon vergisinin tətbiq edilməsi: Bərpa olunmayan enerji növlərinə vergi tətbiq etməklə istixana qaz emissiyasının həcmini azaltmaq.

Sosial və ictimai istiqamət
Strategiyalar:
Təhsil və təbliğatın aparılması: Əhalini yaşıl iqtisadiyyat və dayanıqlılıq məsələləri barədə maarifləndirmək üçün mütəmadi olaraq kampaniyalar aparmaq, müxtəlif tədbirlər keçirmək.
Cəmiyyətin proseslərə cəlb edilməsi: Cəmiyyətin müxtəlif kütlələrini yaşıl layihələrə cəlb etməklə onların keçid prosesində maraqlarını və fayda əldə etmələrini təmin etmək.
İnklüziv siyasət qərarları: Cəmiyyətin bütün seqmentlərinin yaşıl iqtisadiyyatdan fayda əldə edə biləcəyi siyasət qərarları, strategiyalar formalaşdırmaq.
Həssas qruplara dəstəyin göstərilməsi: Aşağı gəlirli və həssas qruplara əlavə dəstəyin göstərilməsilə onların yaşıl iqtisadiyyatda iştirakını və ondan faydalanmasının təmin etmək.

Maliyyə mexanizmləri istiqaməti
Strategiyalar:
İqlim fondlarının yaradılması: Yaşıl layihələri maliyyələşdirmək üçün iqlim fondlarını yaratmaq və onları dəstəkləmək.
Dövlət investisiyalarının formalaşdırılması: Dövlət tərəfindən digər mümkün maraqlı tərəflərə nümunə olaraq dayanıqlı layihələrə və infrastruktura investisiyalar etməkdə öndərlik etmək.
Özəl sektorun təşviq edilməsi: Müxtəlif təşviq mexanizmləri tətbiq etməklə və uğurlu nümunələri ictimai formada dəstəkləməklə özəl sektorun investisiyalarını yaşıl layihələrə cəlb etmək.

Texnoloji inkişaf istiqaməti
Strategiyalar:
İnnovasiyanın maliyyələşdirilməsi: Yaşıl texnologiyaların araşdırılması və inkişafı üçün dövlət və özəl investisiyaların həcmini artırmaq.
Dövlət-Özəl tərəfdaşlığının inkişaf etdirilməsi: Sürətli texnoloji inkişaf üçün dövlət, universitet və sənaye arasında qarşılıqlı sıx əməkdaşlığı formalaşdırmaq, dəstəkləmək və davamlılığını təmin etmək.

Müəllif: Orxan Məmmədli

 

Son xəbərlər
Digər xəbərlər