2 C
Baku
Saturday, December 14, 2024

Vergilər üzrə borcların ödənilməsi qaydasında dəyişiklik

Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri istisna olmaqla, vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir:

– yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği;

– hesablanmış faizlərin məbləği;

– tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, mövzunu iqtisadçı Anar Bayramov şərh edir:

Vergi Məcəlləsinin 88-ci maddəsində edilmiş dəyişikliklərdə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin olunmuş borc məbləğlərinin istisna edilməsi qeyd olunur. Həmçinin, Vergi Məcəlləsinə əlavə edilmiş 88.2-1-ci maddəyə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri bu Məcəllənin 88.1-ci və 88.2-ci maddələrində göstərilən sıra qaydasından asılı olmayaraq, hər bir qətnamə üzrə ayrılıqda ödənilir.

Bildiyimiz kimi, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində məhkəmə ilə bağlı borc olarsa, o zaman yeni bölmə yaradılır. Bu səbəbdən də Vergi Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq, vergilər üzrə borcların ödənilməsi qaydasında redaktə tipli düzəlişin həyata keçirilməsinə ehtiyac yaranıb.

Misal: Məhkəmə qərarına əsasən, vergi ödəyicisinin 10.000 manat borcu yaranıb. Ödəyicinin təqdim etdiyi bəyannamə üzrə 2.000 manat məbləğində vergi borcu da mövcuddur. Məhkəmə qərarı əsasında vergi ödəyicisinə əmlakının satışından 3.000 manat ödəniş daxil olub. Bu zaman həmin ödəniş məhkəmə borcunun ödənilməsinə yönəldiləcək. Bundan əlavə, vergi ödəyicisi könüllü surətdə məhkəmə üzrə borcunu təsnifata uyğun ödədiyi halda, həmin məbləğ şəxsi hesab vərəqəsinə yönəldiləcək.

Vergi Məcəlləsində qeyd olunan dəyişikliyin əsas səbəblərindən biri vergi orqanı ilə məhkəmələr arasında yaranan problemin həllinə dəstək olmaqdır. Təcrübədə vergi orqanı tərəfindən vergi ödəyicilərinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması və borclu vergi ödəyicilərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə prosesi həyata keçirilir. Vergi ödəyicisi borc məbləği üzrə ödəniş qəbzlərini məhkəməyə təqdim etdikdə, məhkəmə borcun ödənildiyini əsas gətirərək, iş üzrə icraata xitam verirdi.

Amma vergi ödəyicisinin şəxsi vərəqəsində borcun ödənilməsi ardıcılığı pozulduğu üçün məhkəmə prosesi üzrə borc məbləği tam bağlanmırdı. Bu cür hallar isə inzibati orqanla həm vergi ödəyicisi, həm də məhkəmə arasında narazılığın yaranmasına səbəb olurdu. Vergi Məcəlləsinin 88-ci maddəsində edilmiş dəyişiklik nəticəsində həmin proses də tənzimlənəcək.

Mənbə: Anar Bayramovun “Vergi qanunvericiliyi və şərhlər toplusu – 2024” kitabı

Son xəbərlər
Digər xəbərlər