Avropa Mərkəzi Bankı (AMB) üç əsas faiz dərəcəsini dəyişməz saxlayıb. Tənzimləyicinin açıqlamasına əsasən, əsas faiz dərəcələri müvafiq olaraq 2,4%, 2,25% və 2,65% səviyyəsində qalıb.
“Bu gün İdarəetmə Şurası AMB-nin üç əsas faiz dərəcəsini dəyişməz saxlamaq qərarına gəlib. Enerji qiymətləri ilə bağlı proqnozlar yüksək dəyişkənliyini qorusa da, hazırda onlar Avrosistemin ekspertlərinin iyun proqnozlarının baza ssenarisində nəzərdə tutulan səviyyələrə yaxındır və Yaxın Şərqdə münaqişə başlamazdan əvvəlki göstəricilərdən xeyli yüksəkdir. Qeyri-müəyyənlik yüksək olaraq qalır, enerji şokunun inflyasiyaya təsiri isə hələ tam şəkildə özünü göstərməyib. Buna görə də İdarəetmə Şurası şokun miqyasını, müddətini, eləcə də dolayı və ikinci dərəcəli təsirlərini diqqətlə izləyir”, — deyə AMB-nin bəyanatında bildirilir.
AMB qeyd edib ki, İdarəetmə Şurası orta müddətli perspektivdə inflyasiyanın 2% hədəfi ətrafında sabitləşməsini təmin etmək üçün pul-kredit siyasətini davam etdirəcək.
Bəyanatda vurğulanır ki, hazırkı qərar münaqişənin yaratdığı qeyri-müəyyənlik şəraitində tənzimləyiciyə çevik hərəkət etmək imkanı verir.
“Pul-kredit siyasətinin gələcək istiqaməti müəyyən edilərkən İdarəetmə Şurası daxil olan məlumatlara əsaslanan yanaşmanı rəhbər tutacaq və qərarları hər iclasda ayrıca qəbul edəcək. Xüsusilə, faiz dərəcələri ilə bağlı qərarlar daxil olan iqtisadi və maliyyə göstəriciləri, inflyasiya perspektivləri və riskləri, baza inflyasiyasının dinamikası, eləcə də pul-kredit siyasəti tədbirlərinin iqtisadiyyata ötürülmə effektivliyi nəzərə alınmaqla veriləcək”, — deyə açıqlamada qeyd olunub.







