“Unibank KB” ASC-nin cəmi depozit 2024-cü ilin ilk yarımilində artsa da, müştərilərdən milli valyutada cəlb edilən vəsaitlərin həcmi kiçilib.
Banker.az bunu bankın 30 iyun 2024-cü il tarixinə olan maliyyə hesabatına istinadən xəbər verir.
Bankın “valyuta riski”nə dair göstəricilərinə əsasən depozit portfelinin həcmi 1 milyard 244.7 milyon manat ekvivalentində təşkil edib. Bunun da, 919.5 milyon manatı milli valyutada cəlb edilmiş vəsaitlər təşkil edib. 2023-cü ilin sonunda 1 mlrd. 215.9 mln. manat ekvivalentində olan cəmi depozitlərin 938.3 mln. manatı milli valyutada idi.
Beləliklə, ilk yarımildə manatda olan depozitlərin həcmi 18.8 mln. manat və ya 2 faiz azalıb.
Manatdakı depozitlərin payı ümumi depozit portfelindəki payı ilin əvvəlində 77 faiz olduğu halda, 2024-cü ilin birinci yarısında 74 faizə düşüb. Keçən ilin analoji dövründə isə manat depozitlərinin cəmi depozitlərdəki payı 75 faiz olmuşdu.
Depozitlərin manatda olan hissəsinin azalmasına səbəb əsasən müddətli depozitlərin azalmasından qaynaqlanır. Məsələn, 2024-cü ilin əvvəlində “Unibank”ın müddətli manat depozitlərinin həcmi 565.3 mln. manat olduğu halda, ilk yarımilin sonuna 7% azlaraq 527.9 mln. manata düşüb.