“Bridge Group of Companies” MMC-nin strukturunda olan “Global Interiors Group” MMC 2023-cüi ili 3.33 milyon manata yaxın xalis mənfəət əldə etməklə öncəki ildəki nəticəni 47 faiz üstələyib.
Banker.az şirkətin maliyyə hesabatına istinadla xəbər verir ki, 2022-ci ildə şirkət 2.27 mln. manat xalis mənfəət əldə etmişdi. 2021-ci il üzrə isə xalis mənfəət 1.41 mln. manat idi.
Şirkətin satışları illik müqayisədə 52 faiz artımla 38.23 mln. manata yüksəlib. Belə ki, 2022-ci ildə onun satışdan gəlirləri 25.15 mln. manatın altında idi.
Şirkətin satışlarlının maya dəyəri 2023-cü ildə 16.1 mln. manat, əməliyyat xərcləri 17.96 mln. manat təşkil edib.
“Global Interiors Group” MMC tikinti, interyer və dizayn sahəsində ixtisaslaşmış şirkətdir. Onun nizamnamə kapitalının 90 faizi “Bridge Group of Companies” MMC-yə, qalan 10 faizi Yaqub Hüseynov Vaqif oğluna məxsusdur. Şirkət 2002-ci ildə iş adamı Yaqub Hüseynov Valeh oğlu (20 manat nizamnamə kapitalı, 100% payla) tərəfindən təsis edilib.
Beləliklə, 2023-cü ildəki xalis mənfəətdən sonra onun balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 5.5 milyon manata yüksəlib.