Gürcüstanın Gəncə şəhərinə yeni baş konsulu təyin olunub.
Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Gürcüstanın Gəncəyə yeni təyin olunmuş baş konsulu Kaxaber Abdaladze ilə nəzakət görüşü keçirib.
N.Bayramov konsulu təbrik edərək bildirib ki, hazırda şəhərdə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi, “AzərAlüminium” ASC, “Gəncə Şərab – 2” və digər iri sənaye müəssisələri fəaliyyət göstərir.
Eyni zamanda, ötən gündən etibarən, “AzerGold” QSC-nin törəmə şirkəti – “AzerBlast” MMC tərəfindən istifadəyə verilən ilk sənaye partlayıcı maddələrinin istehsalı zavodunun da tam rejimdə işə başladığı vurğulanıb.
Kaxaber Abdaladze səmimi görüşə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan və Gürcüstan xalqları tarixən dostluq münasibətlərini qoruyub saxlayıblar. Bu münasibətlərin inkişafına hər iki ölkənin regionları arasında qurulan əməkdaşlıq əlaqələri də təsirsiz ötüşmür. Söhbət zamanı bu əlaqələrin genişləndirilməsi istiqamətində atıla biləcək addımlar müzakirə olunub.