Bundan sonra Azərbaycanda istixanaların istənilən ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində (yay və qış otlaqları və örüşlər istisna olmaqla) tikilməsinə icazə veriləcək.
Bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev bildirib.
Onun sözlərinə görə, bu, Prezident İlham Əliyevin Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında ötən gün təsdiqlədiyi qanunda öz əksini tapıb.
“Məcəllənin 13-cü maddəsinə edilmiş dəyişiklik fermer və investorların mülkiyyətində, istifadəsində və yaxud icarəsində olan torpaq sahələrinin müəyyən hissəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş və işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililərin aparılması, eləcə də istixanalar, suvarma infrastrukturunun qurulmasının müəyyən şərtlər daxilində torpaq sahəsinin təyinatının dəyişdirilmədən tətbiqinə icazə verilməsi məqsədi daşıyır: İstixanalar və suvarma infrastrukturu istisna olmaqla digər tikililərin subyektin mülkiyyətindəki (onun yazılı razılığı ilə istifadəçisinin və ya icarəçisinin) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) vahid sərhəd daxilində 5 ha-dan az olmayan torpaq sahəsinin 1 %-dən artıq olmayan hissəsində qurulması nəzərdə tutulur. Qeyd edildiyi kimi istixanalar və suvarma infrastruturunun qurulması bu limitlərə daxil deyildir. Tikinti limitini istifadə etmiş torpaq sahəsinin bir hissəsi sonradan satılarsa, satılmış hissə həmin imtiyaza malik olmur. Qeyd olunan yanaşmanın kənd təsərrüfatı sektorunda investisiya yatırımları imkanlarının genişlənməsinə əhəmiyyətli imkan yaradacağı proqnoz edilir”, – deyə şöbə müdiri qeyd edib.
“Eyni zamanda diqqət yetirilməli əsas məsələ işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililərin qurulmasına dair tələblərlə əlaqədardır. Burada yaşayış təyinatı dedikdə, fərdi evlərin tikilməsi deyil, sadəcə qurulacaq müvafiq kənd təsərrüfatı fəaliyyətinin işçi personalının zəruri yaşayış məkanı (ofis, gözətçi otağı və s.) nəzərdə tutulur”, – deyə o əlavə edib.