“AzerGold” QSC-yə Gədəbəy və digər yataqların işlənilməsi üçün xarici şirkətlə bağlanmış hasilatın pay bölgüsü haqqında Sazişdə Azərbaycan dövlətini təmsil etmək səlahiyyətinin verilməsi bizim üçün böyük etimaddır”.
Banker.az xəbər verir ki, bu sözləri REAL TV-yə geniş müsahibəsində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Bildirilib ki, bu, Səhmdar Cəmiyyətin fəaliyyətinə dövlət tərəfindən verilən yüksək qiymətdir: “Təbii ki, bu qərar məsuliyyətimiz daha da artır. Bu, göstərilən etimadı doğrultmaq üçün bizi daha çox çalışmağa sövq edir və ruhlandırır”.
Z.İbrahimov həmçinin qeyd edib: “AzerGold” QSC artıq səlahiyyətlərinin icrasına başlayıb: “Sazişdən irəli gələn məsələlərin həlli, fəaliyyətin operativ təşkili məqsədilə tərəfimizdən İşçi qrup yaradılıb. İşçi qrupa fəaliyyətin təşkil edildiyi sahələrə, o cümlədən infrastruktura ümumi baxışın keçirilməsi, Saziş çərçivəsində görülən işlərin və mövcud vəziyyətin təhlil edilməsi, görülməsi zəruri olan tədbirlərin müəyyən edilməsi və təkliflərin formalaşdırılması tapşırılıb. Eyni zamanda fəaliyyət və nəzarətin təşkili məqsədilə Saziş çərçivəsində Rəhbər Komitənin yenilənməsi üzrə müvafiq işlər icra edilir. Artıq İşçi qrup saziş sahələrinə səfərlər edərək, ümumi vəziyyətlə tanış olub. Hazırda təkliflər ümumiləşdirilir, operativ şəkildə Tədbirlər Planının hazırlanmasına başlamışıq”.