Kanadanın Lucara Diamond Corp. kompaniyası Botsvanadakı Karowe mədənindən 2492 karatlıq almaz çıxarıb.
Şirkətin vebsaytında yerləşdirilən məlumata görə, bu, indiyədək ölçüsünə görə dünyada tapılan ikinci ən böyük almazdır. Ən böyük almaz – 3106 karat ağırlığında olan Cullinan isə Cənubi Afrikada təxminən 120 il əvvəl tapılmışdı.
Karowe yatağı nəhəng daşları ilə məşhurdur. Belə ki, 2015-ci ildə Lucara o zaman dünyada ikinci ən böyük almaz olan Lesedi La Rona almazını (1109 karat) aşkarlayıb. O, 53 milyon dollara satılıb. Yenə həmin yataqdan çıxarılan 813 karatlıq almaz rekord qiymətə – 63 milyon dollara alıcı tapıb.
Lucara əvvəllər burada 1758 karatlıq Sewelo almazını da tapmışdı, lakin o, qiymətli daş keyfiyyətinə malik deyildi. Yeni almazın keyfiyyəti hələ müəyyən edilməyib.