9 C
Baku
Sunday, November 17, 2024

“KƏŞ ölkələri ilə ticarət dövriyyəsi 28% artıb”

Azərbaycan və Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr arasında iqtisadi əlaqələr qarşılıqlı maraq əsasında inkişaf edir və bu da birgə layihələrin daha da səmərəli həyata keçirilməsi üçün zəmin yaradır.

Bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov nazirliyin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan-KƏŞ ölkələrinin 2-ci iqtisadi forumunda bildirib.

Onun sözlərinə görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanla KƏŞ ölkələri arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 28% artıb: “O cümlədən, bu dövrdə ixracımız 2 dəfə artıb. Azərbaycan və KƏŞ ölkələri arasında qeydə alınan müsbət statistik tendensiya təkcə ticarətlə məhdudlaşmır. Qarşılıqlı birbaşa sərmayə qoyuluşları sahəsində də əhəmiyyətli artım müşahidə olunur. Ənənəvi enerji sektoru və son illər alternativ enerji sahəsində birgə fəaliyyətimizin genişlənməsi məmnunluq doğurur”.

A.Axundov həmçinin deyib ki, son illər Azərbaycanla KƏŞ ölkələri arasında turizm əlaqələri sürətlə inkişaf edir: “Bu münasibətlərin inkişafı ölkəmizin regionda turizm sahəsində önəmli bir istiqamət olaraq qəbul edilməsi və KƏŞ ölkələrindən olan turistlərin Azərbaycanı cazibədar məkan kimi görməsi ilə müşahidə olunur. Turizm infrastrukturunun inkişafı və sözügedən sektoru təşviq etmək məqsədilə atılan addımlar, hər iki tərəfin də böyük maraq göstərdiyi bu sahədə mühüm irəliləyişlərə səbəb olub”.

Onun sözlərinə görə, birbaşa uçuşların sayının artması, viza prosedurlarının sadələşdirilməsi, bəzi ölkələrlə isə ümumiyyətlə vizasız rejimə keçid edilməsi turist axınını artırır: “Bir neçə KƏŞ ölkələrindən Azərbaycana gələn turistlərin sayı əhəmiyyətli dərəcədə – 50%-dən çox artıb”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər