24 C
Baku
Friday, September 27, 2024

Torpağa basdırılmış “Ferrari”-nin tarixçəsi

Bu hadisə 1978-ci ildə Los-Ancelosda baş vermişdi. Bu zaman qəzetlərin verdiyi məlumata görə, evlərin birinin arxa həyətində oynayan uşaqlar torpaqdan çıxan kiçik bir çıxıntı görürlər. Onlar torpağı qazmağa başladıqda torpağın altında nə isə böyük bir şeyin basdırıldığını və bunun bir avtomobilə bənzədiyini görürlər.

Uşaqlar hadisəni valideynlərinə danışır, onlar isə öz növbəsində polisə xəbər verirlər. Hadisə yerinə gələn dedektivlər torpağı qazır və avtomobilin ön şüşəsini görürlər. Onlar avtomobilin içini işıqlandırır və xoşbəxtlikdən avtomobilin içərisində heç bir cəsəd görmürlər. Bir neçə gün sonra onlar işçi briqadası ilə geri dönürlər və tapıntını qazmağa başlayırlar. Növbəti qazıntılar avtomobildə nə cəsədin, nə narkotikin, nə də silahın olmadığını sübut edir. Lakin bu hadisəni bir az da qarışıq edirdi. Çünki torpağa basdırılan hər hansı paslı maşın deyil, yeni Ferrari Dino 246 GTS avtomobili idi. Bəs belə bir avtomobil nə səbəbdən basdırılmışdı?

Tezliklə dedektivlər aşkar edirlər ki, 832 LJQ nömrəli tünd-yaşıl bu avtomobil üç il əvvəl oğurlanıb və hələ də axtarışda idi. Bahalı maşınlar tez-tez oğurlanır. Bəs onu basdırmaqda məqsəd nə idi? Növbəti araşdırmalar aşkar edir ki, avtomobil 1974-cü ilin oktyabrında Rozento Kruz adlı santexnik tərəfindən 22 500 dollara alınıb. O bu maşını həyat yoldaşına hədiyyə olaraq almışdı. Qadın isə bu avtomobildə cəmi 501 mil gedə bilmişdi.

7 dekabrda evlilik ildönümündə onlar restorana nahara gedir və avtomobili küçədə saxlayırlar. Bir neçə saat sonra restorandan çıxdıqda avtomobil artıq oğurlanmış olur. Onlar polisə xəbər verdikdə bütün lazımi tədbirlər görülür və maşın sahibi sığorta şirkətindən təzminat alır. Hər şey bununla bitəcəkdi, ta ki 3 il sonra maşın tapılana qədər.

Qonşuların sorğu-sual edilməsi heç bir nəticə vermədi. Heç kim heç nə görməmişdi. Ferrarini torpağa basdıran şəxs onu elə formada basdırmışdı ki, sonradan onu rahatlıqla çıxara bilsin.

Torpağa basdırılmış Ferrarinin şəklini avtomobil saytlarından birinin redaktoru görür. Hadisəni ətraflı şəkildə öyrənmək istəyən redaktor qazıntılarda iştirak etmiş dedektivlə görüşür. Dedektivin bildirdiyinə görə burada heç bir xəbər verən uşaqlardan söhbət gedə bilməz. Maşın haqqında məlumatı ondan xəbəri olan iştirakçılardan biri vermişdir və müqabilində onu həbsxanadan çıxarmağı tələb etmişdi. Növbəti gün isə onlar deyilən yerə gəlir və ev sahibindən icazə alaraq ətrafa baxış keçirirlər. torpağı bir neçə yerdən qazdıqdan sonra onlar avtomobili aşkar edirlər və kömək üçün işçilər çağırırlar. Araşdırmalar göstərir ki, avtomobil öz sahibinin xahişi ilə oğurlanmışdı. O bununla sığorta şirkətindən təzminat əldə etmək qərarına gəlmişdi. Oğrular avtomobili sahildən çox uzaqda, okeanda batırmalı idilər. Lakin avtomobil oğruların o dərəcə xoşlarına gəlir ki, onu basdırıb və daha sonradan çıxarıb satmaq qərarına gəlirlər. Bunun üçün onlar avtomobili basdırır, lakin məlum olmayan səbəblərdən geri dönmürlər. Araşdırma gedişində oğruların şəxsiyyətini isə müəyyən etmək mümkün olmur.

Gözlənilməz tapıntı daha sonradan sığorta şirkətinə təhvil verilir. Maşın 3 il torpaq altında qaldığı üçün çox da yaxşı vəziyyətdə deyildi. Hətta avtomobilin salonunda belə karroziya izləri var idi. Pulları qaytarmaq məqsədilə sığorta şirkəti onu qapalı hərraca çıxardı. Bunun üçün Ferrari köhnə bir anbara aparıldı və istənilən şəxs gəlib ona baxa bilərdi. Avtomobil diqqətsiz qoyulduğu üçün baxış zamanı onun ayrı-ayrı hissələri oğurlanmışdı. Nəticədə maşın hərracda təqribən 5000 dollara satılır. Bundan sonra isə bu Ferrari növbəti dəfə 23 000 dollara satılır.

Yeni sahib mühərriki, avtomobilin üst hissəsini və salonu bütünlüklə bərpa etməli olmuşdu. Lakin bu avtomobilə dəyərdi. Hazırda isə maşının qeyri-adi tarixinə onun “DUG UP” nömrəsi şahidlik edir.

Son xəbərlər
Digər xəbərlər