6 C
Baku
Thursday, December 26, 2024

Dünyanın ən böyük investisiya şirkətinin aktivlərinin dəyəri 11.5 trln. dollara çatıb

Dünyanın ən böyük investisiya holdinqi “BlackRock” tərəfindən idarə olunan aktivlərin dəyəri 11.5 trilyon dollara çataraq tarixi maksimumu yeniləyib. Eyni zamanda, şirkət 2024-cü ilin üçüncü rübündə rekord xalis kapital axını qeydə alıb, bu barədə “Bloomberg” yazıb.

“BlackRock”un cümə günü dərc etdiyi hesabata görə, investisiya holdinqinin idarə etdiyi aktivlərin dəyəri bir il əvvəlki 9.10 trilyon dollarla müqayisədə bu ilin üçüncü rübündə 11.48 trilyon dollara yüksəlib. Cəlb edilmiş investisiya axınının ümumi xalis həcmi bir il əvvəlki 2.57 milyard dollar ilə müqayisədə rüblük rekorda – 221.18 milyard dollara çatıb.

“BlackRock”un uzunmüddətli investisiya fondları üçüncü rübdə 160 milyard dollar cəlb edərək “Bloomberg”in sorğusuna qatılan analitiklərin orta hesabla 100 milyard dollarlıq proqnozunu üstələyib.

Şirkətin üçüncü rübdə xalis gəliri bir il əvvəlki 1.60 milyard dollardan və ya hər səhm üçün 10.66 dollardan 1.63 milyard dollara və ya hər səhm üçün 10.90 dollara yüksəlib. 2024-cü ilin əvvəlindən “BlackRock” (BLK) səhmləri Nyu-York Fond Birjasında təxminən 20% bahalaşıb.

Üçüncü rübdə “BlackRock” Amerika investisiya fondu “Global Infrastructure Partners”in (GIP) 12.5 milyard dollara alışını tamamlayıb.

Bundan əlavə, yaxın gələcəkdə şirkət maliyyə məlumatlarının və alternativ investisiya bazarlarının toplanması və təhlili üzrə ixtisaslaşan Britaniyanın “Preqin” şirkətini almağı planlaşdırır. “Bloomberg” qeyd edir ki, əməliyyat məbləği 3.23 milyard dollar səviyyəsində qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər