2023-cü ildə Azərbaycan bankları şübhəli hesab etdikləri 1 393 əməliyyatla bağlı Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabat təqdim edib.
Bu barədə MMX-nın məlumatında bildirilib.
Məlumata görə, bu, 2022-ci illə müqayisədə 31,8 % çoxdur.
Ötən il bankların şübhəli saydığı əməliyyatların ümumi məbləği isə 8 milyard 167,8 milyon manat təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 3,9 dəfə çoxdur.
Bundan başqa, 2023-cü ildə investisiya şirkətləri şübhəli hesab etdikləri və ümumi məbləği 152,1 milyon manat olan 15 əməliyyat (2022-ci ilə nisbətən müvafiq olaraq 15 dəfə və 760,5 dəfə çox) barədə MMX-nı məlumatlandırıb. Bundan başqa, ötən il sığorta şirkətləri ilk dəfə şübhəli hesab etdikləri və ümumi məbləği 2 milyon manat olan 7 əməliyyat barədə Xidmətə müraciət edib.
MMX bəyan edib ki, şübhəli əməliyyatlar bağlı hesabatların sayında müşahidə olunan artımın başlıca səbəbi “Nağdsız hesablaşmalar haqqında” qanunda nəzərdə tutulmuş aylıq nağdlaşdırma limitini pozan vergi ödəyiciləri ilə bağlı hesabatların 2023-cü ildən şübhəli hesabat kodu altında Xidmətə təqdim edilməsidir.
Xatırladaq ki, MMX ölkə Prezidentinin 25 may 2018-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 18 iyul 2018-ci il tarixli fərmanı ilə isə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10 min manatdır. Xidmətin əsas məqsədi cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin, əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, bu sahədə vahid tənzimləməni həyata keçirmək, monitorinq iştirakçılarının, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.