Amerikanın təyyarə istehsalı şirkəti “Boeing” səhm satışı və borc öhdəlikləri hesabına 15 milyard dollardan çox kapital toplamaq niyyətindədir, “Bloomberg” yazır.
Tələbdən asılı olaraq məbləğ arta bilər, agentliyin həmsöhbətlərindən biri qeyd edir.
Oktyabrın 23-də ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) “Boeing”ə 25 milyard dollar dəyərində səhm buraxmağa icazə verib.
Həmin gün şirkətin baş direktoru Kelli Ortberq 2024-cü ilin üçüncü rübü üçün hesabatla birlikdə korporasiyanı böhrandan çıxarmaq planını təqdim edib. Bu açıqlamadan sonra “Boeing” 6 milyard dollar dəyər itirib. Ortberqin sözlərinə görə, şirkət korporativ mədəniyyətdə əsaslı dəyişikliklərə ehtiyac duyur.
Ortberq bu il iyulun sonunda şirkətin baş direktoru təyin edilib. Oktyabrın 20-də “The Wall Street Journal” (WSJ) yazıb ki, Ortberq çətin maliyyə vəziyyətində olan şirkətdəki böhranı dayandırmaq üçün təyyarə istehsalını azaldır.
Nəşrin mənbələri bildiriblər ki, “Boeing” əsas olmayan və ya səmərəsiz aktivlərin satışı imkanlarını araşdırır.