13 C
Baku
Saturday, November 23, 2024

“Masdar” şirkətinin Azərbaycanda inşa edəcəyi günəş və külək stansiyalarının istifadəyə veriləcəyi tarix açıqlanıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti Azərbaycanda inşa edəcəyi 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş elektrik stansiyaları və 240 MVt gücündə Abşeron-Qaradağ külək elektrik stansiyası 2026-cı ildə istifadəyə veriləcək.

Bunu Energetika Nazirliyinin yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin rəhbəri Cavid Abdullayev bildirib.

Onun sözlərinə görə, Biləsuvar və Neftçala günəş elektrik stansiyalarının istifadəyə verilməsi 2026-cı ilin aprel ayının sonuna qədər gözlənilir: “İlin sonunadək isə 240 MVt gücündə Abşeron-Qaradağ külək elektrik stansiyasının istifadəyə verilməsi nəzərdə tutulub. Hazırda bütün layihələr üzrə işlər qrafikə uyğun olaraq aparılır”.

Xatırladaq ki, bu il keçirilən Bakı Enerji Həftəsində “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində bu günəş və külək elektrik stansiyalarının təməli qoyulub. Bu layihələr hesabına illik 2 milyard 305 milyon kVt/saat elektrik enerjisinin istehsalı gözlənilir ki, bununla da 496 milyon kubmetr təbii qaza qənaət olunacaq, 1 milyon tona yaxın karbon emissiyasının qarşısı alınacaq. Günəş elektrik stansiyalarının tikintisi ilə əlaqədar Neftçalada 973 hektar, Biləsuvarda 1 454 hektar, külək elektrik stansiyasının tikintisi ilə bağlı isə Abşeron və Qaradağ ərazilərində 34,5 hektar torpaq sahəsi Nazirlər Kabinetinin müvafiq qərarları ilə bərpa olunan enerji mənbələrinin əraziləri kimi müəyyən edilib.

Biləsuvar rayonunda 445 MVt gücündə “Biləsuvar Solar SPV” günəş elektrik stansiyasının inşası layihəsinin ümumi dəyəri 380 milyon ABŞ dolları təşkil edir. Bu vəsaitin 100 milyon ABŞ dollarını Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) uzunmüddətli kredit olaraq ayıracaq.

Neftçala rayonunda 315 MVt gücündə “Banka Solar” günəş fotoelektrik stansiyasının tikintisi layihəsinin ümumi dəyəri 280 milyon ABŞ dolları təşkil edir. Bu layihənin layihələndirilməsi, tikintisi və istismarı üçün EDRD 80 milyon ABŞ dollara qədər uzunmüddətli kredit ayıracaq.

Hazırda “Biləsuvar Solar SPV”, “Banka Solar” və “Abşeron” külək elektrik stansiyalarının inşasını nəzərdə tutan və ümumi dəyəri 294,5 milyon ABŞ dolları olan Dünya Bankının Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsinin (AZURE) icrası ilə bağlı da hazırlıq işləri gedir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər