İki illik dövlət istiqrazlarının gəlirliliyi 9.92 faizə qalxmaqla 2020-ci ilin mayından bu tərəfə maksimal səviyyəyə yüksəlib. Maksimum gəlirlilik 10 faizi keçib.
Banker.az xəbər verir ki, 5 noyabr 2024-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 728 gün olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Nazirlik 100 mln. manatlıq istiqraz satmağı planlasa da, 19.48 mln. manat yerləşdirə bilib.
Dövlət istiqrazlarına tələb 4 halda azalır: monetar siyasətin sərtləşdirilməsi, inflyasiyanın təsiri, risklər və qeyri-müəyyənliklər və dövlət borcunun artımı. Lakin qeyd edilənlər içində ən çox tələbi endirən səbəb pul siyasəti ilə bağlıdır. Məsələn, Maliyyə Nazirliyi bununla bağlı hesabatda hərraclarda gəlirliliyin yüksəlməsini daxili bazarda likvidliyin daralması daxili maliyyə bazarında dövlət istiqrazlarına olan tələbatın azalması ilə əlaqələndirib.
Mərkəzi Bank son noyabr iclasında uçot faiz dərəcəsini 4-cü dəfə ardıcıl 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxladı. AMB inflyasiyanı 2-6% diapazonundə hədəfləyib və cari inflyasiya bu hədəfdə qalmaqdadır. Lakin potensial inflyasiya təzyiqləri görür. Bu səbəbdən də “sərt” dəhlizdən çıxmaq istəmir.
AMB son iclasda məcburi ehtiyat normalarına toxunmasa da, hazırda bu səbəbdən 5 mlrd. manat üzərində banklardakı depozitlər“qeyri-işlək” vəziyyətindədir. AMB bunu differensial əmsallarla tətbiq edir. Belə olan halda, bazarda əsasən iri bankları, digərləri kimi “əllərini çırmalayıb” depozit cəlbini yuxarı faizlə cəlb etməyə məcbur olurlar. Bu bir tərəfdən də, uçot faiz dərəcəsinin işə düşməsinə dəstək verə bilər.
Dövlət istiqrazlarının təklif etdiyi 10%-ə yaxın gəlirlilik risk baxımından olduqca az olsa da, onlar daha yuxarı gəlirli olan kreditləri seçirlər.
İstiqrazların buraxılışı üzrə məlumatlar aşağıdakı kimidir:
Emitent | Azərbaycan Respublikasının Maliyyə Nazirliyi |
Dövlət istiqrazının növü | Kuponlu, ortamüddətli dövlət istiqrazları |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ0201070312 |
İstiqrazların tədavül müddəti | 728 gün |
Buraxılış həcmi | 40,000,000 manat |
Nominal dəyəri | 100 manat |
Minimal qiymət | 93.2861 (10.3000%) manat |
Maksimal qiymət | 94.6510 (9.4994%) manat |
Kəsmə qiyməti | 93.7945 (10.0000%) manat |
Ortaçəkili qiyməti | 93.9345 (9.9178%) manat |
Reallaşdırılmış həcmi | 19,483,500 manat |
Sifarişlərin Ümumi həcmi (nominal qiymətlə) | 28,682,800 manat |
İnvestor sayı | 12 |
Sifarişlərin sayı | 23 |
Ödəmə tarixi | 03.11.2026 |
Anderrayter | PAŞA Kapital İŞ QSC |