Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Azər-Türk Bank” ASC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, “Azər-Türk Bank” ASC-nin vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə edilmişdir.
İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə əsasən, bank və ya bank olmayan kredit təşkilatı (kredit ittifaqı istisna olmaqla) tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və (və ya) kredit bürosuna “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə – vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.