2016-cı ilin fevral ayı ərzində vergi orqanlarına 10 176 müraciət daxil olub.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, müraciətlərdən 97,6%-i ərizə, 2,1%-i şikayət, 0,3%-i təklifdir. Müraciətlərin 55%-i müxtəlif arayışların alınması, 15,1%-i kameral vergi yoxlamaları, 7,3%-i vergi borcları, 2,2%-i səyyar vergi yoxlamaları, 1,8%-i vergidən yayınma və dividendlərin verilməsi, 0,9%-i operativ vergi nəzarəti (o cümlədən, nağd hesablaşmaların aparılması qaydalarının pozulması), 0,4%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,3%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2%-i korrupsiya hüquqpozmaları, qalanları isə digər məsələlərlə bağlı olub.
Bütün müraciətlərə vaxtında baxılıb, onların 75,7%-i müsbət həll olunub.
Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin fevral ayı ilə müqayisədə 46,3%, cari ilin yanvar ayı ilə müqayisədə isə 35,7% azalıb. Nazirliyin aparatına daxil olmuş şikayətlərin sayı da ötən ilin fevral ayı ilə müqayisədə 50,3%, cari ilin yanvar ayı ilə müqayisədə isə 40,3% az olub.
Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 394 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafikinə əsasən, 25 fevral 2016-cı il tarixdə vergilər naziri tərəfindən Oğuz rayonunda vətəndaş qəbulu keçirilib.
Trend