9 C
Baku
Friday, December 20, 2024

Keçən il “Azərsu”nun rəhbərliyinə əməkhaqqı ödənişləri 707 min manat olub

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin (Azərsu) baş rəhbərliyinə 2023-cü il ərzində cəmi ödənişlər 707 min manat edilib. Bu da orta statistik olaraq hər bir rəhbərə aylıq 9 819 manat düşməsi deməkdir.

Banker.az xəbər verir ki, bu, keçən illə müqayisədə 35 faizdən çox artım deməkdir.

2022-ci ildə ödənişlərin həcmi 523 min manat idi.

“Azərsu”nun rəhbərliyinə sədr və beş müavin daxildir. Müavinlər Nazirlər Kabinetinin razılığı ilə sədr tərəfindən təyin edilir.

25 sentyabr 2024-cü il tarixində “Azərsu”nun İdarə Heyətinin sədri Köçərli Həsənov vəfat edib. Şirkətin nizamnaməsinə və müvafiq qaydada təsdiq edilmiş rəhbər işçilərin vəzifə bölgüsünə əsasən, 30 sentyabr 2024-cü il tarixində İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti olaraq İdarə Heyətinin sədr müavini İlqar Tağıyev icra etmişdir. Bununla belə, şirkət rəhbərliyin siyahısını rəsmi veb-səhifəsi ilə təmin etməyib.

Baş rəhbərliyin üzvləri təsdiqlənmiş əməkhaqqı cədvəlinə uyğun olaraq “Azərsu” tərəfindən əməkhaqqı və mükafatlarla təmin edilir.

“Azərsu”nun “Baker Tilly” tərəfindən aparılan auditinə əsasən, şirkət keçən ili 226.29 milyon manat xalis zərərlə tamamlamış olub. 2022-ci ildə 178.64 mln. manat zərər olduğunu nəzərə alsaq, bu göstərici 2023-cü ildə daha 27 faiz artıb.

“Azərsu”nun son illər irihəcmli zərərlər etməsi onun kapital balansındakı yığılmış zərəri rekord həcmə – 8 mlrd. 85.68 mln. manata çatdırıb. 400 mln. manat nizamnamə kapitalına sahib olan bu dövlət qurumu üçün illərdir dövlət tərəfindən böyük dəstək var. Əlavə kapital ödənişi 7.1 mlrd. manat, dövlət investisiyası isə 1.22 mlrd. manatdır.

“Azərsu” ASC Azərbaycan Respublikasının 6 iri şəhərinin – Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan və Naxçıvan əhalisini – istehlakçılarını mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. O, 5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub.

Son xəbərlər
Digər xəbərlər