BMT Azərbaycanda 2025-ci ildə iqtisadi artımın 3% səviyyəsində olacağını proqnozlaşdırır.
Bu proqnoz təşkilatın “2025-ci il üçün Dünya İqtisadi Vəziyyəti və Perspektivləri” (World Economic Situation and Prospects 2025) hesabatında əks olunub.
Hesabata əsasən, ölkə iqtisadiyyatı müsbət dinamika nümayiş etdirir.
“Azərbaycanda iqtisadi artım 2024-cü ildə daxili tələbatın güclənməsi və qeyri-neft sektorunun inkişafı sayəsində sürətlənib. Gözlənilir ki, Azərbaycan təbii qazına artan qlobal tələbat 2025-ci ildə ÜDM artımını dəstəkləməyə davam edəcək”, – sənəddə qeyd olunub.
BMT 2026-cı il üçün də Azərbaycanın ÜDM artımını 3% səviyyəsində proqnozlaşdırır.
BMT-nin qiymətləndirmələrinə görə, 2024-cü ilin yekunlarına əsasən Azərbaycanın ÜDM-i 2023-cü ildəki 1,1% artımdan sonra 4,6% artıb.
Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-ci il üçün ÜDM artımını 3,5%, 2026-cı il üçün isə 2,8% səviyyəsində proqnozlaşdırır.