“SoftBank” çip tərtibatçısı “Ampere Computing”i 6.5 milyard dollara almağı müzakirə edir, “Bloomberg” yazır. Bildirilir ki, tərəflər sövdələşməni “yaxın həftələrdə” elan edə bilər. Bununla belə, sövdələşmənin baş tutmama ehtimalı hələ də var.
Qeyd edək ki, “SoftBank”ın çip tərtibatçısı “Ampere Computing”i almaq planları haqqında hələ 2024-cü ilin payızında məlum olub. “Ampere”, “Arm” və “SoftBank” məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Server prosessorları üzrə ixtisaslaşan “Ampere Computing” şirkəti 2018-ci ildə keçmiş “Intel” prezidenti Rene Ceyms tərəfindən təsis edilib. 2024-cü ilin payızında “Oracle” bu şirkətdə 29% paya sahib olduğunu açıqlayıb. Eyni zamanda “Bloomberg” mənbələri “Ampere Computing”in IPO planlarından imtina etdiyini və mümkün satışı nəzərdən keçirdiyini yazır.