0 C
Baku
Friday, February 28, 2025

Hazırda Mərkəzi Bankın faizləri bazara necə təsir edir?

Azərbaycanda banklararası pul bazarında faiz dərəcələri Mərkəzi Bankın qərarlarına uyğun dəyişməyə davam edir.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2024-cü il üçün açıqladığı Pul siyasəti icmalında bildirilir.

2024-cü ilin dekabrında banklararası qısamüddətli (1-3 günlük) əməliyyatlar üzrə orta faiz dərəcəsi 7.68% olub. Bu, Mərkəzi Bankın müəyyən etdiyi faiz çərçivəsinin daxilindədir. Mərkəzi Bank bildirir ki, faizlər onun əsas qərarlarına yaxınlaşır və pul siyasətinin təsiri güclənir. Bu da depozit və kredit faizlərinə təsir göstərir.

1 aprel 2024-cü ildən Mərkəzi Bank hər gün rəsmi saytında 1 günlük faiz dərəcəsi (1D AZIR) haqqında məlumat paylaşmağa başlayıb. Bununla yanaşı, bankların girov qoyaraq borc götürdüyü repo bazarında da faizlər formalaşır. Dekabr ayında burada 1-3 günlük əməliyyatların orta faiz dərəcəsi 7.7%, 6-8 günlük əməliyyatların orta faiz dərəcəsi isə 7.8% olub.43543555

Araşdırmalar göstərir ki, banklararası bazardakı faiz dərəcələri artıq depozit faizlərinə təsir etməyə başlayıb. Belə ki, Mərkəzi Bankın faiz dərəcəsində hər 1 faiz bəndi dəyişiklik, banklararası faizlərə təxminən 0.6 faiz bəndi təsir edir. Bu dəyişikliklər isə manatla depozit faizlərini 0.4-0.5 faiz bəndi aralığında dəyişdirir.

Banklararası faiz dərəcələri həmçinin dövlət istiqrazlarının (qiymətli kağızların) gəlirliliyinə də təsir edir. Bu isə pul siyasətinin bazarda daha yaxşı işlədiyini göstərir. Mərkəzi Bank bildirir ki, maliyyə bazarının daha da inkişaf etməsi ilə kredit faizlərinə də təsir güclənəcək.

2024-cü ildə banklararası bazarda əməliyyatların sayı və məbləği xeyli artıb. Banklar arasında 101.8 milyard manatlıq 3761 təminatsız müqavilə bağlanıb. Bu əməliyyatların 97%-i qısamüddətli (1-3 günlük) olub. Banklararası repo bazarında isə 11.5 milyard manatlıq 723 müqavilə bağlanıb ki, bunların da əksəriyyəti 1-3 günlük və ya 6-8 günlük olub. 2023-cü illə müqayisədə təminatsız bazarda əməliyyatların həcmi 3.3 dəfə, repo bazarında isə 2.5 dəfə artıb.

Ötən gün Banker.az-da Azərbaycanda 2025-ci ilin yanvar ayında verilən yeni kreditlər bahalaşmasına dair məqalə dərc edilmişdi. Belə ki, kreditlərin illik faiz dərəcəsi 17.75%-ə yüksəlib, bu da 2023-cü ilin avqust səviyyəsinə bərabərdir. Manatla kredit faizləri dekabrla müqayisədə 1.19 faiz bəndi artıb. Şirkətlər üçün faizlər 10.81%-ə, əhali üçün isə 16.50%-ə yüksəlib.56345543634

Son xəbərlər
Digər xəbərlər