Sorğunun nəticələrinə əsasən, 2024-cü ilin IV rübündə Azərbaycanda cəmi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə kredit standartlarında sərtləşmə davam edib.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrində qeyd edilir.
Azərbaycanda bankların 1 fevral 2025-ci il tarixinə portfellərində 8 milyard 551.7 milyon manat istehlak krediti var.
İstehlak kreditləri üzrə standartlarda sərtləşmə əsasən kreditlərin maya dəyərinin artımı formasında olub. Respondentlər növbəti rübdə ümumi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə standartlarda dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
İstehlak kreditlərinin maya dəyərində artım əsasən depozit faizlərinin yüksəlməsi ilə əlaqələndirilir. Belə ki, son bir ildə sistem əhəmiyyətli banklar üçün tətbiq edilən məcburi ehtiyat normaları digər banklar kimi yüksək faizli depozit cəlbinə meyilləndirib. Nəticədə bu depozitlərin ödəniş həcmləri daha yüksək olur. Təsadüfi deyil ki, Azərbaycan banklarının faiz gəlirləri ilə faiz xərclərini ölçən xalis faiz gəlirləri öncəki ilin yanvarı ilə müqayisədə 2025-cü ilkin yanvarında azalıb. Azərbaycan banklarının kreditlərindən faiz gəlirləri illik müqayisədə 23 faiz artaraq 294.9 mln. manat olarkən, depozitlərdən faiz xərcləri daha kəskin – 62 faiz artaraq 100.8 mln. manat təşkil edib.
Sorğu nəticələrinə əsasən, ümumi istehlak kreditlərinə, o cümlədən kredit kartlarına tələb artıb. Sorğuda iştirak edən respondentlərin cavablarına görə, tələbin artmasına təsir göstərən əsas faktor rəqəmsallaşma olub. Banklar növbəti rübdə ümumi istehlak kreditləri, həmçinin kredit kartlarına tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
Sorğu nəticələrinə əsasən, istehlak kreditləri üzrə portfelin keyfiyyəti, kapital mövqeyi, maliyyələşmə dəyəri və əhalinin ödəmə qabiliyyətinə dair gözləntilər kredit standartlarına sərtləşdirici təsir göstərib. Bütövlükdə, sorğu nəticələrinə əsasən bankların istehlak portfeli üzrə artım dinamikasının növbəti rüb də davam edəcəyi gözlənilir.