OPEC+ apreldə hasilat artımını planlaşdırdığı kimi davam etdirəcəyini bildirməsi və bazarlar ABŞ-ın Kanada, Meksika və Çinə tətbiq edəcəyi tariflərə hazırlaşması səbəbindən neft qiymətləri çərşənbə axşamı ucuzlaşmanı sürətləndirib.
Banker.az xəbər verir ki, Brent markalı neftin fyuçersləri 49 sent və ya 0.7% ucuzlaşaraq 71.13 dollar/barelə düşərkən, ABŞ-ın WTI markalı nefti isə 26 sent və ya 0.4% azalaraq 68.11 dollar/barelə gerilədi.
Hazırda əmtəə strateqləri hesab edirlər ki, Neft qiymətlərindəki cari eniş əsasən OPEC+ qərarı və ABŞ-ın tətbiq etdiyi tariflərdən qaynaqlanır. İndi həm də Rusiya-Ukrayna münaqişəsi ilə bağlı geosiyasi hadisələr vəziyyəti daha da çətinləşdirir.
ABŞ prezidenti Donald Trampın keçən həftə Oval kabinetdə Ukrayna prezidenti Volodimir Zelenski ilə toqquşmasından sonra ölkəyə hərbi yardımın dayandırılması qərara alınıb.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiya kimi müttəfiqlərdən ibarət OPEC+ (Azərbaycan da bu qrupa daxildir) 2022-ci ildən bəri ilk dəfə olaraq apreldə gündəlik 138 min barel hasilat artımına getmək qərarına gəliblər.
Hesab edilir ki, bu qərar əvvəlki hasilat azalmalarını tədricən ləğv etməyə yönəlsə də, bazarda mümkün təklif artımı ilə bağlı narahatlıq yaradır.
ABŞ prezidenti Donald Trampın Kanada və Meksikadan idxala tətbiq etdiyi 25%-lik tariflər bu gündən qüvvəyə minəcək. Kanada enerjisinə isə 10%-lik tarif qoyulacaq. Çin mallarına tətbiq olunan tariflər isə 10%-dən 20%-ə yüksəldiləcək.
Analitiklər hesab edirlər ki, bu tariflər iqtisadi aktivliyə və yanacağa olan tələbatı azaldaraq neft qiymətlərinə aşağı istiqamətli təzyiq göstərəcək.
“Tramp administrasiyasının bu ay həyata keçirdiyi enerji siyasəti ilə bağlı elanların təsirini bazar iştirakçıları hələ də qiymətləndirməkdə çətinlik çəkir,” – deyə “BMI” analitikləri bir qeyddə yazıblar.
“Bununla belə, əsasən ABŞ-ın tarif tədbirləri bazarda eniş tərəfə çəkən faktor kimi çıxış edir.”
Neft qiymətlərinə əlavə təzyiq göstərən amillərdən biri də Trampın Ukraynaya hərbi yardımın dayandırılmasıdır. Bazar, Ağ Ev və Ukrayna arasındakı artan uzaqlaşmanı münaqişənin yumşalması ehtimalı kimi qiymətləndirir.
Bu, öz növbəsində, Rusiyaya qarşı sanksiyaların yumşaldılmasına və daha çox neftin bazara qaytarılmasına səbəb ola bilər.
Ağ Ev Dövlət və Maliyyə Nazirliklərindən ABŞ rəsmilərinin Moskva ilə danışıqları zamanı müzakirə edə biləcəyi sanksiya siyahısını hazırlamağı xahiş edib. Bu barədə məlumatı isə ilkin olaraq Reuters yazıb.
Bununla belə, Goldman Sachs analitikləri bildirirlər ki, Rusiyanın neft axınları sanksiyalardan daha çox OPEC+ hasilat hədəfləri ilə məhdudlaşdırılır və sanksiyaların yumşaldılmasının hasilat üzərində əhəmiyyətli təsir göstərməyə biləcəyini xəbərdar edirlər.