Azərbaycanın 3 illik xəzinə istiqrazlarının gəlirliliyi artıb – tələb aşağı düşür

Maliyyə Nazirliyi sentyabrın 8-də Bakı Fond Birjasında 200 milyon manatlıq kuponlu, 1080 günlük dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirib. Hərracda ümumi nominal dəyəri 393,5 milyon manat olan 47 sifariş daxil olub və 21 investor iştirak edib. Nəticədə istiqrazların 119,4 milyon manatlıq hissəsi yerləşdirilib.

Banker.az xəbər verir ki, istiqrazların illik kupon dərəcəsi 7% təşkil edir. Hərracda kəsmə gəlirliliyi 7,25%, ortaçəkili gəlirlilik isə 7,208% olub. Sifarişlər üzrə qiymətlər 95,3429-100 manat arasında dəyişib. İstiqrazların nominal dəyəri 100 manatdır və əsas məbləğ 8 sentyabr 2029-cu ildə ödəniləcək.

Bu nəticə Maliyyə Nazirliyinin sentyabrın 1-də keçirdiyi analoji hərracla müqayisədə daha aşağı yerləşdirmə həcmini göstərir. Həmin hərracda 200 milyon manatlıq emissiyanın 100 faizədək artırılması imkanından istifadə edilərək 345,9 milyon manatlıq istiqraz yerləşdirilmişdi. O zaman ümumi sifarişlərin nominal həcmi 499,2 milyon manat, ortaçəkili gəlirlilik isə 6,9784% təşkil etmişdi.

Beləliklə, bir həftə ərzində 1080 günlük istiqrazlara tələb zəifləyib. Sifarişlərin ümumi həcmi 499,2 milyon manatdan 393,5 milyon manatadək, yəni 21,2% azalıb. Reallaşdırılmış həcm isə 345,9 milyon manatdan 119,4 milyon manatadək, yaxud 65,5% aşağı düşüb. Eyni zamanda ortaçəkili gəlirlilik 6,9784%-dən 7,208%-ə yüksəlib.

İstiqrazın gəlirliliyi qiyməti ilə tərs hərəkət edir: istiqraza tələb azaldıqda investorlar daha yüksək gəlir tələb edir, bunun nəticəsində istiqrazın qiyməti aşağı düşür və gəlirlilik yüksəlir; tələb artdıqda isə qiymət yüksəldiyi üçün gəlirlilik azalır.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər