Azərbaycan Amerika Birləşmiş Ştatlarına süfrə yumurtası ixracına başlayır.
Banker.az-a bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasına istinadən xəbər verir.
Məlum olduğu kimi, ötən ildən ABŞ-də quş qripinin yayılması ilə əlaqədar yumurta qıtlığı və qiymətlərin bahalaşması müşahidə olunmaqdadır. ABŞ hökuməti bu prosesin qarşısını almaq üçün xarici ölkələrdən yumurta idxalına icazə verib.
Azərbaycanın ən böyük quşçuluq təsərrüfatlarından biri olan “Giləzi Quşçuluq” ABŞ standartlarına uyğun sertifikatlaşdırmadan uğurla keçərək bu ölkəyə süfrə yumurtası ixracı icazəsi əldə edib. Bu aydan etibarən şirkət ABŞ-yə müntəzəm yumurta ixracına başlayır.
Bildirilir ki, ABŞ-yə ixracın başlanması Azərbaycan daxilində yumurta təchizatı və qiymətlərə hər hansı təsir etməyəcək.
Belə ki, hazırda Azərbaycanda süfrə yumurtasına olan gündəlik tələbat 4 milyona yaxındır. Faktiki istehsal isə 6 milyon civarındadır. Bu istehsalın az bir qismi xaricə ixrac olunsa da, daxili tələbatı artıqlaması ilə ödəyəcək sayda ölkədə qalır. Hazırda anbarlarda 100 milyon ədədə qədər yumurta var.
2025-ci ilin yanvar ayına olan məlumata görə, ABŞ-də 12 ədəd A dərəcəli böyük yumurtanın orta qiyməti rekord həddə – 4.95 dollara çatıb. Bu əhəmiyyətli artım əsasən davam edən quş qripi epidemiyası ilə əlaqələndirilir. Epidemiya nəticəsində milyonlarla yumurta qoyan toyuğun tələf olması təchizatın azalmasına və qiymətlərin yüksəlməsinə səbəb olub.
Son beş il ərzində yumurta qiymətləri nəzərəçarpacaq dalğalanmalar yaşayıb, 12 ədədi:
- 2020: Təxminən 1.51 dollar
- 2021: 1.67 dollar
- 2022: 2.86 dollar
- 2023: Cüzi azalma ilə 2.80 dollar
- 2024: Artaraq 3.65 dollar