8 C
Baku
Wednesday, March 19, 2025

ABŞ ildə 12 min insanabənzər robot istehsal ediləcək zavod açır

Amerikanın “Figure” şirkəti insanabənzər robotların özlərinə bənzər robotları yığacağı zavodu təqdim edib. Yeni müəssisə ildə 12 min vahid texnika istehsal etmək gücünə malikdir.

İstehsalat tamamilə humanoid maşınların yaradılmasına yönəlib və proses zamanla daha da avtomatlaşdırılacaq.

Zavodun ilk istehsal xətti birbaşa şirkət daxilində hazırlanıb. Bu yanaşma “Figure”ə keyfiyyətə nəzarət etmək, robotların yığılma prosesinin effektivliyini artırmaq və konstruksiyada operativ dəyişikliklər etmək imkanı verəcək.

İstehsalat sahəsi işlərin hər mərhələsinə nəzarəti təmin edin müasir rəqəmsal sistemlərlə təchiz olunub. “Manufacturing Execution System” proqram təminatı bütün prosesləri real vaxt rejimində nəzarətdə saxlayır və əlaqələndirir. Əlavə olaraq, dizaynın yaradılmasından istismara qədər bütün mərhələlərə nəzarət etməyə kömək edən məhsulun həyat dövrünün idarə edilməsi sistemi də istifadə edilir. Resursların logistikası və planlaşdırılması üçün “Enterprise Resource Planning” (ERP) sistemi işə salınıb, xüsusi proqram təminatı isə anbarın fəaliyyətini optimizə edir.

“Figure” gələcəkdə robotların yeni qurğuların yığılmasında daha fəal iştirak edəcəyini planlaşdırır. Bu, avtomatlaşdırma səviyyəsini yüksəldəcək, məhsulun buraxılışını sürətləndirəcək və ümumilikdə rutin əməliyyatlarda insan əməyinə olan tələbatı azaldacaq. Şirkət artıq “Figure 02” prototipindən daha əlçatan və genişmiqyaslı olacaq “Figure 03″ seriya modelinə keçid edir.

Yeni robotun konstruksiyası sadələşdirilib, detalların sayı minimuma endirilib və yığılma prosesi optimizə edilib. Ənənəvi “CNC” (rəqəmsal proqramla idarə olunan) dəzgahlarda emal əvəzinə daha sürətli və qənaətli metodlar olan tökmə qəlibləmə, ştamplama və metal emalından istifadə olunacaq. Bu yanaşma komponentlərin istehsal vaxtını bir neçə həftədən bir neçə saniyəyə endirir, lakin avadanlığa böyük sərmayə tələb edir.

Müəssisədə xüsusi ixtisaslaşmış briqadalar məhsulu test edir və onun davamlılığını və keyfiyyətini təhlil edirlər. İstehsal prosesinin səmərəliliyini artırmaq üçün şirkət avtomatlaşdırma sahəsində ekspertlər dəvət edib. Onların köməyi ilə istehsal zəncirinə yeni yığılma texnologiyaları tətbiq olunub, o cümlədən mühərriklərə avtomatlaşdırılmış yağlama və akkumulyatorun test edilməsi kimi proseslər həyata keçirilir.

Bundan əlavə, “Figure” süni intellekt əsaslı “Helix” proqram kompleksini hazırlayıb. O, bütün istehsalat dövründə iştirak edən robotları idarə edir. Bunun sayəsində ənənəvi konveyer sistemlərindən imtina edilərək detalların zavod daxilində avtomatik daşınması təmin olunur. Zamanla istehsalın daha çox mərhələsi insan müdaxiləsi olmadan həyata keçiriləcək və detallar sürətlə, minimal xərclə hazırlanacaq.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər