2025-ci ilin ilk rübündə “Bank of Baku” ASC-nin xalis mənfəəti 7.14 milyon manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövründəki 3.5 milyon manatlıq göstəricidən iki dəfədən çox artım deməkdir.
Banker.az xəbər verir ki, bu barədə bankın rüblük maliyyə hesabatında bildirilir.
“Bank of Baku”nun faiz gəlirləri 15.6% artaraq 40.73 milyon manata yüksəlib. Bu artım əsasən müştərilərə verilmiş kreditlər üzrə gəlirlərin artması ilə bağlıdır – 2024-cü ilin ilk rübündə 32.7 milyon manat olan bu göstərici, 2025-ci ildə 39 milyon manata çatıb.
Eyni zamanda, faiz xərcləri də artaraq 15.1 milyon manat olub (ötən il: 13.24 milyon manat). Əsas artım depozitlər üzrə ödənilən faizlərdə müşahidə edilib.
Qeyri-faiz gəlirləri cüzi artaraq 4.11 milyon manata çatıb. Xarici valyutadan yaranan zərər (68.5 min manat) və qiymətli kağızların satışından yaranan zərər (52.5 min manat) bu göstəriciyə təsir edib. Qeyri-faiz xərcləri isə 5%-lik artımla 20.21 milyon manata yüksəlib.