Son günlər baş verən döyüşlər və şəhidlərimizlə bağlı kredit təşkilatlarının həyata keçirməli olduğu fəaliyyətlərə keçməzdən öncə, cəbhədəki ümümi durum haqqında danışmaq istəyirik.
Ötən həftə sonu Füzuli rayonuna səfərimiz zamanı şəhidlərimizimin sayının artması xəbərləri və müharibənin vurduğu sağalmaz yaralarla bağlı yas mərasimlərində sahid olduğumuz ağrılı mənzərələr ümümi əhval rühiyyəmizə mənfi təsir etsə də, mübariz xalqımız və sarsılmaz ordumuz haqqında öyrəndiklərimiz bizi qürurlandırdı. Sevindirici haldır ki, Cəbrayıl rayonunun ərazisində olan “Lələ təpə” yüksəkliyinin alıması nəticəsində cəbhəyanı bölgədə yerləşən, Horadizdən Beyləqan qədər yaşayış məntəqələri üçün təhlükə artıq aradan qalxıb. Əsasən hərbi qulluqçuların iştirak etdiyi döyüş zamanı yüzlərlə gəncin müharibədə iştirak etmək üçün cəbhə bölgəsinə gəlməsi də fəxrlə qeyd ediləsi hallardandır.
Hazırda əsgərlərimzə, şəhidlərin ailələrinə və yaralılara maddi və mənəvi dəstək ən ümdə məsələdəndir. Yerli dövlət orqanlarının nümayəndələri, əhali ilə yanaşı yüzlərlə insan şəhidlərin yas mərasimində iştirak edərək mənəvi dəstək olurlar. Ordumuz dövlət tərəfindən yetərincə ərzaq və su ilə təmin olunsa da, ehtiyat qüvvə kimi gələn hərbçilərin su və siqaretə olan ehtiyacı yerli əhali ilə yanaşı imkanlı şəxslər hesabına həll olunub. Qeyd etdiklərimizdən göründüyü kimi, 4 günlük (02-06 aprel 2016-ci il) müharibə dövründə xalqımız ordumuza öz dəstəyini lazımınca göstərərək birlik nümayiş etdirib. Şəhidlərimizin qanı hesabına alınan yüksəklik yerli camaatın təhlükəsizliyini təmin etməklə yanaşı, insanların birliyində də mühüm rol oynadı.
NİYƏ ƏN ÇOX MADDİ VƏ MƏNƏVİ DƏSTƏYİ BANKLAR ETMƏLİDİR?
Son zamanlar, nəinki borcalanlar və bəzi müstəqil iqtisadçı ekpertlərlə yanaşı, hətta dövlət qurumların nümayəndələri də bankları “top” atəşinə tuturlar. Bəzən ekspertlər irəli gedərək, borcalanlara münasibətə görə banklarının şərtlərinin hətta sələm verənlərlə müqayisədə daha yüksək olduğunu iddia edirlər. Bu cür təbliğatın nəticəsidir ki, intihar xəbərini oxuyan oxucunun beynindən ilk keçən “yəqin yenə kredit borcuna görədir” fikri olur. Əvvəllər hər kəsin biznesini dirçəltmək üçün ümid yeri kimi baxdığı bankların əksəriyyəti artıq bəzi insanların gözündə az qala, pula görə həmvətənlillərinin qanlarını soran təşkilat kimi görünür. İndiki dövrdə bankların rəhbərliyi həm vətəndaşlıq borcu naminə, həm də onlarla bağlı yaranan, hətta deyərdim ki, qəsdən yaradılan, mənfi imici dağıtmaq üçün müharibə ilə əlaqəli insanlara münasibətdə maddi və mənəvi dəstək kampaniyaları həyata keçirməlidirlər.
BANKLAR HANSI KAMPANİYALAR HƏYATA KEÇİRƏ BİLƏRLƏR?
Müharibə dövründə bəzi bankların müəyyən dəstək kampaniyaları (şəhid olan hərbçinin kreditinin bağışlanması və ya cəbhə bölgəsinə köçürülən vəsaitlə bağlı komissiya haqqının alınmaması vəs.) həyata keçirməsi təqdirəlayiq olsa da, bu fəaliyyətlər kifayət qədər deyil.
“Banker.az” olaraq, bankların 4 günlük müharibənin təsirlərinin az da olsa yumşaldılması ilə bağlı aşağıdakı kampaniyaların həyata keçirilməsini təklif edirik:
- Döyüşlərdə şəhid olan hərbçi, vəfat edən mülki şəxsin və onların ailə üzvlərinin kredit borcunun tam bağışlanması;
- Müharibə zamanı yaralanan hərbçi və mülkü şəxs və onların ailə üzvlərinin kreditin aktiv qalığına faiz hesablanmasının dayandırılması;
- Düşmən atəşi zamanı evləri ziyan çəkmiş şəxs və onların ailə üzvlərinin kreditinin aktıv qalığına faiz hesablanmasının dayandırılması;
- Cəbhə bölgəsində kredit borcu olan şəxslərə məlum səbəbdən gecikdirdiyi günlərə görə faiz və cərimənin hesablanmaması;
- Banklar tərəfindən müharibə zamanı şəhid olan şəxslərin ailə üzvlərinə birdəfəlik və ya hər hansı təhsil və ya digər xərclərinin ödənilməsi məqsədilə aylıq formada maddi yardımların ayrılması;
- Bankların bütün filiallarında şəhidlərin xatirəsi ilə bağlı güşələrin yaradılması;
- Vətəndaşlarımızda vətənpərvərlik hissinin artırılması məqsədi ilə şəhidlərimizin qanı hesabına alınan “Lələ təpə” və “Talış” yüksəkliklərin əhəmiyyəti haqqında məlumat güşələrinin yaradılması;
- Banklar tərəfindən müharibədə şəhid olan və yaralanan şəxslər haqqında, həmçinin alınan yüksəkliklərin əhəmiyyəti barədə büklet, posterlərin hazırlanması və paylanması;
- Bankların sponsorluğu ilə şəhidlər haqqında sənəd filmlərin hazırlanması;
- Bankların müəyyən əməkdaşlarının şəhidin yas mərasiminə və yaralı döyüşçülərin ziyarətinə getməsi ilə mənəvi və maddi dəstəyin göstərilməsi;
Təbii ki, qeyd etdiyimi siyahı qısa ola bilər. Hal-hazırda bank sektorunda kifayət qədər peşəkar marketinq və media işçiləri çalışır ki, həmin şəxslərin qeyd edilən məsələlərlə bağlı xüsusi kampaniyalar düşünərək təqdim etməsi təqdirəlayiq olardı.
Son olaraq, şəhid olanlara Allahdan rəhmət, yaralanlara isə şəfa diləyirik. Bankları isə bu sosial kampaniyalarda aktiv olmağa çağırırıq.
Qarabağımızda banklarımızın filialların açılması ümidi və inamı ilə hamınıza qələbə sevinci arzulayırıq.
Anar Bayramov
Xüsusi olaraq
“Banker.az” üçün