Azərbaycanda kapital bazarının inkişafı yalnız vergi güzəştləri ilə təmin oluna bilməz.
Bunu “Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.
Onun sözlərinə görə, vergi güzəştləri müəyyən dəstək vasitəsi ola bilər, lakin bu, bazarın inkişafı üçün fundamental həll yolu hesab oluna bilməz: “Vergi sistemində kapital bazarlarının stimullaşdırılması ilə bağlı addımlar olub. Məsələn, faiz gəlirləri üzrə şəxsi gəlir vergisindən azadolma tətbiq edilir. Amma bu, kapital bazarının inkişafına nə dərəcədə töhfə verir? Bu, hər zaman gözlənilən effekti verməyə bilər”.
R. Xəlilov qeyd edib ki, vergi yanaşması stimullaşdırıcı mexanizmlərdən biri sayıla bilər, lakin bu məsələdə daha geniş və kompleks yanaşma tələb olunur: “Vergi güzəştləri ilə məsələni tam həll etmək mümkün deyil. Mənim şəxsi fikrimi bilmək istəyirsinizsə, sadəcə “vergini götürək, kapital bazarı inkişaf edəcək” düşüncəsi düzgün deyil. Bu, yalnız qismən dəstək ola bilər. Kapital bazarının inkişafı təkcə vergi və yaxud qanunvericilik dəyişiklikləri ilə deyil, bir sıra digər kompleks amillərlə mümkündür”.