Süni intellekt bazarı ilə əlaqəli şirkətlərin səhmləri OpenAI, Anthropic və SpaceX rəhbərlərinin texnologiyanın inkişaf tempinin azaldılması ilə bağlı çağırışlarından sonra təzyiq altına düşüb. ABŞ Prezidenti Donald Tramp isə süni intellektin inkişafına geniş məhdudiyyətlərin tətbiqinin əleyhinə çıxıb.
OpenAI-də 13% paya sahib olan SoftBank-ın səhmləri sentyabrın 14-də keçirilən ticarət zamanı 10%-dən çox ucuzlaşıb. Yarımkeçirici istehsalçılarının da daxil olduğu Cənubi Koreyanın Kospi indeksi 3,26%, Yaponiyanın Nikkei 225 indeksi isə 0,81% geriləyib.
Nasdaq 100 üzrə fyuçerslər ABŞ bazarının təxminən 1,7% enişlə açıla biləcəyinə işarə edib.
Honq Konqda süni intellekt startapları Z.AI və MiniMax-ın səhmləri müvafiq olaraq 9% və 6,5% ucuzlaşıb. Analitiklər Z.AI səhmlərindəki enişi qismən şirkətin həftəsonu əlavə səhm və borc öhdəlikləri buraxacağını açıqlaması ilə əlaqələndiriblər.
Bazarlardakı korrektə Anthropic-in baş direktoru Dario Amodeinin aparıcı süni intellekt şirkətlərini texnologiyanın inkişaf tempini idarə etmək və təhlükəsizliyi artırmaq üçün fəaliyyətlərini koordinasiya etməyə çağırmasından sonra baş verib.
Amodeinin mövqeyini OpenAI-nin baş direktoru Sem Altman və SpaceX-in baş direktoru İlon Mask da dəstəkləyiblər.
Məsələ ilə bağlı ABŞ Prezidenti Donald Tramp da mövqeyini açıqlayıb. O, süni intellektin inkişafının geniş şəkildə ləngidilməsi çağırışlarını rədd edib və ABŞ-nin bu sahədə liderliyini qorumasının vacibliyini vurğulayıb.
“Kim süni intellekt yarışında qalib gəlsə, ümumilikdə də qalib gələcək”, – Tramp bildirib.
Bununla belə, ABŞ Prezidenti ayrı-ayrı təhlükəsizlik tədbirlərinin tətbiqini istisna etməyib.







