Azərbaycan İpoteka Fondu (AİF) hesabına bu ilin I rübündə bankların verdiyi ipoteka kreditlərinin sayı açıqlanıb.
Banker.az xəbər verir ki, bu barədə məlumat fondun saytında yerləşdirilib.
Məlumata əsasən, ipoteka kreditləşməsi başlanandan indiyədək Azərbaycanda 29 bank AİF-in vəsaitləri hesabına ipoteka krediti verib. Siyahıya nəzər salanda məlum olur ki, 2006-cı ildən 2016-cı il aprelin 1-nə qədər AİF-in hesabına verilən ipoteka kreditlərinin sayına görə “Zaminbank” liderdir. Hesabat dövründə bu bank 1590 ipoteka krediti verib. Qeyd edək ki, indiyə qədər ipoteka kreditlərinin həcminə görə, uzun müddət “AG Bank” lider olub. Verilmiş ipoteka kreditlərinin sayına görə ilk beşliyi “AG Bank” (1439), “Xalq Bank” (1270 kredit), “Dəmirbank” (1254 kredit), “Bank Standard” (1186 kredit) tamamlayır.
“Qafqaz İnkişaf Bankı” (64), “Yapı Kredi Bank”(52), “Əmrahbank” (47), “Azərbaycan Sənaye Bankı” (12) və “Rabitəbank” (8) AİF xətti ilə ən az ipoteka krediti verən banklardan sayılır.
APA